Türkiyədə qadın voleybolçuların çempionatında növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən üzvü Olena Xarçenko bu turda məğlubiyyətlə üzləşib. 

Voleybolçumuzun formasını geyindiyi "Bolu BLD" 13-cü tur çərçivəsində "Eczaçıbaşı" ilə üz-üzə gəlib. Görüş blokçumuzun komandası üçün uğursuz alınıb. 3 set davam edən matçda Olena və rəfiqələri güclü rəqib qarşısında heçnə edə bilməyiblər və quru hesabla uduzublar - 0:3 (7:25, 16:25, 16:25).

Komandasının xalsız qaldığı oyunda yığmamızın üzvü əvəzetmə ilə meydana çıxıb və iki dəfə fərqlənib. Xarçenko hər iki xalı hücumda qazanıb.

Qeyd edək ki, 13 turdan sonra hesabında 13 xal olan "Bolu BLD" turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.