Bir ildən çoxdur bütün dünyanı cənginə alan COVİD-19 Azərbaycan voleybolundan da yan keçməyib. Bir çox ölkə bu mövsüm çempionatını keçirsə də, bizim liqa ölkədə mövcud karantinə uyğun olaraq baş tutmayıb. İdman zallarında məşqlərə də qadağalar tətbiq edildiyindən voleybolçularımız uzun müddət məşqsiz qalıblar. Bu da əlbəttə ki, onların formalarına ciddi təsir edib. Xoşbəxtlikdən bəzi voleybolçularımız legioner həyatı yaşayıb və mövsüm boyu meydana çıxıblar. Belə oyunçularımızdan biri Ayşən Abduləzimovadır. Təcrübəli blokçumuz son mövsüm dünyanın ən güclü çempionatlarından olan Türkiyə liqasında çıxış edib. “Sarıyer”ın şərəfini qorumuş Ayşən bundan əvvəl Macarıstanın “Vasas” klubunda uğurlu çıxışı ilə yadda qalıb. Bir neçə gün sonra start götürəcək Qızıl Avropa Liqası öncəsi millimizin aparıcı oyunçusu ilə söhbətləşdik. Abduləzimova “Rekord.az”a müsahibəsində keçirdiyi son mövsüm, millimizin mübarizə aparacağı avroliqa və qitə birinciliyi və digər məsələlər haqqında danışıb: 

 

- Bir neçə ildir ki, ölkədən kənarda idin. Bakıya gəldiyin ilk anda nə hisslər keçirdin?
- Bəli, uzun müddət ölkədən kənarda idim. Keçən il pandemiya səbəbindən Macarıstandan Türkiyəyə birbaşa getdim, heç Bakıya gələ bilmədim. Əlbəttə bu müddətdə vətənim üçün, ailəm üçün çox darıxmışdım. Bakıya gəldiyim ilk anda sevinc hissi keçirdim. Həm də çox həyəcanlı idim, bir neçə ildir ki, bura gəlmirdim.  Şükürlər olsun artıq vətəndəyəm.

- Son mövsüm Türkiyədə çıxış etdin. “Sarıyer”dəki çıxışını necə dəyərləndirirsən?
- Türkiyədə oynamaq çox istəyirdim. Bu mövsüm keçirdiyim ən çətin mövsümlərdən idi. Həftədə 2-3 oyun olurdu. Oyunların hamısı İstanbulda keçirilmirdi. Daim başqa şəhərlərə səfər edirdik, bu da çox yorucu idi. Buna baxmayaraq, mənim üçün yaxşı oldu. Yaxşı təcrübə qazandım. Həm də dünyanın ən yaxşı oyunçularına qarşı oynayırdım. Əlbəttə ki, çətin idi, amma bunu da karyerama yazdım.

- Türkiyədən öncə iki mövsüm Macarıstanda oynadın. “Vasas”dakı çıxışın kifayət qədər məhsuldar olub. Formasını geyindiyin komanda həm ölkə çempioantında, həm də avrokuboklarda uğurlu çıxış etdi. Bəs sən özün hansı çempionatdakı çıxışını daha uğurlu sayırsan?
- Macarıstan çempionatı ilə Türkiyə birinciliyi arasında fərq var. Türkiyədə komandaların sayı çoxdur. Macarıstanda isə oyunlararası istirahətə daha çox vaxt qalırdı. Liqaların səviyyəsində də fərq var. Hər iki çempionatda özümü daha yaxşı tərəfdən göstərməyə çalışdım. Bunu bacardığımı düşünürəm.

- “Vasas”da bu qədər nailiyyət qazandıqdan sonra müqaviləyə xitam verərək Türkiyə gəlməkdə səbəbin nə idi?
-  Türkiyə liqası dünyanın ən güclü çempionatlarından biridir. Özümü burada sınamaq istədim. Belə bir imkan yarananda da “Vasas”la qarşılıqlı razılığa əsasən müqaviləyə xitam verdik. Türkiyədə oynamaq nəsib olduğu üçün şadam.

- Pandemiyanın bütün dünyada olduğu kimi ölkəmizdə də idmana, xüsusilə voleybola mənfi təsirlərini görürük.
- Pandemiya bütün dünyada olduğu kimi bizə də təsir edir. Düşünürəm bizə daha çox təsir etdi. Çünki bizdə oyunçular bir neçə ay məşqsiz qaldılar. Şükürlər olsun ki, artıq bizə milli komanda olaraq məşqlərə icazə verilib. Təbii ki, bu qədər fasilədən sonra oyunçuların əvvəlki formalarına qayıtması üçün zaman lazımdır. Əlbəttə evdə də məşq etmək olar. Lakin evdə məşq etməklə zalda məşq arasında çox fərq var. Professional idmançı formasını saxlamağı bacarmalıdır. Evdə məşq lazımi nəticəni verməsə də, ən azından fiziki formanı saxlamağa kömək edir. 

- Pandemiyanın hökm sürdüyü zamanda sən Türkiyədə mübarizə apardın. Bu ölkədə də yoluxma sayının kifayət qədər yüksək olmasına baxmayaraq, çempionat keçirilir. 
- Türkiyədə belə idi, əgər bir komandanın oyunçularında koronavirus aşkarlanırdısa, həmin komandanın oyunları təxirə salınırdı. Mövsümün əvvəlində “Sarıyer”in 9 üzvünün testi pozitiv çıxmışdı. Bu səbəbdən biz də iki həftə evdə karantində qaldıq. Təxirə salınmış oyunlar isə sonradan boş günlərdə keçirilirdi. Bu, bütün komandalar üçün belə idi. 

- Millimiz uzun müddətdən sonra məşqə başlayıb. Bu məcburi fasilədən sonra yığmaya formanı bərpa etmək çətin olmayacaq ki?
- Bəli, artıq idman zallarında məşqlərə icazə verilib. Biz də milli olaraq məşqlərimizi zalda keçdik. Əlbəttə çətin olacaq, lakin hamımız professional idmançılarıq. Nə qədər çətin olsa da, bunun öhdəsindən gələcəyik. Qarşıdakı oyunlara kimi milli olaraq formamızı bərpa etmək üçün əlimizdən gələni edirik. İdman zallarında bizlərə məşq imkanı verildiyi üçün də aidiyyatı qurumlara təşəkkürümü bildirirəm.

- Bir neçə gün sonra Qızıl Avropa Liqasında mübarizəyə başlayırsız. Yığmamızın bu yarışdakı şansları ilə bağlı fikirlərini öyrənmək istərdik.

- Yarışa tam istədiyimiz kimi hazırlaşa bilmədik. Bu turnirdə özümüzə görə hədəflərimiz var. Oyunçularımızın əksəriyyəti məlum səbəblərdən son mövsümdə oynamayıblar, hətta uzun müddət məşqsiz qalıblar. Buna baxmayaraq qısa zaman da olsa milli ilə məşq edə bilmişik. Qarşıya qoyulan tapşırığı yerinə yetirmək və uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Artıq Avropa Çempionatının püşkü də atılıb. Millimiz A qrupunda kifayət qədər güclü rəqiblərlə yer alıb. Bu barədə nə deyə bilərsən? 
- Çox çətin qrupda yer almışıq. Bununla belə biz əlimizdən gələni edəcəyik ki, uğurlu çıxış edək. Nəzərə alsaq ki, pandemiya səbəbindən yığmamızın bir çox üzvü meydanlardan kənarda qalmışdı. Karantin müddətində hətta məşq belə edə bilmirdilər. Qarşıda Qızıl Avropa Liqasında mübarizəmiz var. Bu yarışın bizə həm formamızı bərpa etməkdə, həm də hazırlıq baxımından da çox yaxşı kömək olacağını düşünürəm. Avropa Çempionatınadək bir neçə ay var. Biz bu yarışda yaxşı çıxış edib qələbə qazanmaq və azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.

- Belə çətin iki ildə xalqımız üçün çox əlamətdar bir hadisə oldu. Azərbaycan ordusu işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etdi. 44 günlük haqlı mübarizəmizi sən Türkiyədə izlədin, qələbə xəbərini də elə bu ölkədə aldın. Hansı hisslər keçirdiyini bilmək istərdik.
- Mən həmin vaxt Türkiyədə idim. Hisslərimi ifadə etmək çox çətindir. Özüm ölkədən kənarda olsam da, ürəyim, fikrim hər zaman burda idi. Mən də hamı kimi daim xəbərləri izləyirdim, ordumuzun uğurlarını eşitdikcə çox sevinirdim. Dinc sakinlərimizə qarşı yönələn erməni zülmünü isə hər gördükcə kədərlənirdim. Lakin sonda biz ədaləti bərpa etdik, Azərbaycan əsgəri uzun illər gözlədiyimiz o xoşbəxtliyi, qələbə sevincini bizə yaşatdı. Biz bu sevinci şəhidlərimizə, qazilərimizə, ordumuza borcluyuq. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm, şəhid analarının əllərindən öpürəm. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərlərimizə şəfa versin. Allah ölkəmizi, xalqımızı qorusun.

- Müsahibə üçün təşəkkür edirik, qarşıdakı oyunlarda sənə və millimizə uğurlar arzulayırıq.

 

Samirə Quliyeva