
Mətləb Məmmədov: "Hər il yuxarı yaş qrupuna 2-3 futbolçu verə bilsək, böyük şeydir" MÜSAHİBƏ
- 25 Yan 2023 17:00
- 1335
"Kəpəz"in və "Karvan"ın sabiq futbolçusu, hazırda "Kəpəz"in U-16 komandasının məşqçisi olan Mətləb Məmmədov Rekord.az-ın Gəncəyə ezam olunmuş əməkdaşına müsahibə verib:
- Mətləb müəllim, neçənci ildən "Kəpəz"in futbol akademiyasında çalışırsınız?
- 2015-ci ildən, İmişlidən ayrılandan etibarən Gəncədə çalışıram. 2000-01-ci il təvəllüdlü futbolçularla işləməyə başladım, hazırda 2007-ci il təvəlüdlü futbolçularla işləyirəm. Çalışırıq istedadlı uşaqları seçək,onları həm "Kəpəz"in əsas komandası həm də ölkənin milli komandasl üçün yetişdirək.
- 2015-ci illə müqayisədə şərait baxımından fərq var. Ən azı yeni meydançalar tikilib. İşinizə müsbət təsiri olub?
- Həqiqətən də şərait baxımından çətinliklər var idi. Son dövrlərə qədər də şərait eyni idi. Şükürlər olsun ki, son zamanlar müsbətə doğruj dəyişikliklər var, yeni meydançalarf salınıb, akademiyamızın da tikintisi davam edir. Təbii ki, şərait yaxşı olduqca, futbola axın da çox olacaq. Çünki "Kəpəz" kimi komandanın şəraiti həqiqətən də yaxşı olmalıdır. Rəhbərlik bütün bu işləri görür və şərait düzəldikcə, biz də məşqçilər olaraq, öz üzərimizə düşən vəzifəni yerinə yetirəcəyik ki, əsas komanda üçün keyfiyyətli futbolçular yetişdirək.
- Hazırda əsas çətinliyiniz nədir?
- Əsas çətinliyimiz odur ki, hələlik kənardan futbolçu cəlb edə bilmirik. Hazırda akademiyamızda 200-ə yaxın uşaq var və hamısı da gəncəli uşaqlardı. Amma akademiya hazır olandan sonra yəqin ki, hər komandaya limit ayıracaqlar ki, kənardan neçə futbolçu cəlb edə bilərik, biz də ondan sonra limitə uyğun sayda başqa bölgələrdən də istedadlı futbolçuları akademiyamıza cəlb edə biləcəyik.
- Başqa klublarda oynayan gəncəli uşaqlar da var. Onları geri qaytarmaq mümkün deyil?
- Bilirsiniz, hamısı şəraitlə bağlıdır. O uşaqların valideynləri də etiraf edir ki, Gəncədə şərait olmadığı üçün başqa komandalara üz tutublar. Amma bizim Gəncədəki bütün oyunlarımıza gəlib baxırlar. Hər dəfə də söhbət zamanı deyirlər ki, şərait düzəlsin, uşaqlarını qaytarıb gətirəcəklər Gəncəyə.
- "Kəpəz"in yenidən Premyer Liqaya qayıtması, uşaqlar arasında futbola axını sürətləndirib?
- Şübhəsiz, komandanın davamlı Premyer Liqada oynaması uşaq futboluna da böyük təsir edir. Davamlı olanda uşaq futbolunda da sistem qura bilirsən, valideyn də görür ki, perspektiv var, stimul yaranır ki, uşağını futbola qoysun.
- Qarşınıza qoyulan əsas hədəf nədir?
- İlk növbədə komanda formalaşdırmaq. Təbii ki, daha çox yerli uşaqlara üstünlük veririk. İlk növbədə onlara düzgün oynamağı öyrətmək lazımdır. Nəticə elə də önəmli deyil. Hər il yuxarı yaş qrupuna 2-3 futbolçu verə bilsək, böyük şeydir.
- Premyer Liqanın oyunlarını yəqin ki, izləyirsiniz. Sizin dövrün çempionatı ilə indiki dövvr arasında hansı fərqlər var?
- Bizim dövrümüzdə şərait yox idi. Daşın, torpağın üstündə futbol oynayırdıq. Meydançaların hamısı eyni idi, məcbur idin oynamağa. İndi şükürlər olsun ki, tam olmasa da, bəzi komandaların bazası, stadionu var. Yadıma gəlir, biz eyni stadionda həm məşq edirdik, həm də oyuna çıxırdıq. İndi təsəvvür edin, həmin stadion nə günə düşər? Keyfiyyətli oyun olmurdu. Onlar ora vururdu, biz bura. İndi amma hiss olunur ki, bu baxımdan keyfiyyət artır.
- "Kəpəz"in çıxışın necə qiymətləndirərdiniz?
- Komandamızın Premyer Liqada ilk ilidir. Bu mənada əsas istəyimiz odur ki, komanda Premyer Liqada qalsın. Yeni komandadan ilk ildən çempionluq gözləmək olmaz təbii ki. İllər lazımdır ki, komanda formalaşsın. Komanda formalaşandan sonra, daha yüksək yerlər uğurunda oynamaq olar.
Anar XANLAROV