
Maşallah Əhmədovun şikayəti təmin olunmadı
- 30 Apr 2022 15:00
- 519
Maşallah Əhmədovun İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Vilyam Hacıyevlə bağlı şikayətinə xitam verilib.
İstintaq orqanı tərəfindən aparılan araşdırmanın nəticəsinə görə Hacıyevin Əhmədov və iş adamı Müqayis Verdiyevə borcu olması, onlara qarşı dələduzluq etməsi sübut olunmayıb. Şikayət əsassız olduğuna görə cinayət işinə həmin epizodla bağlı hissədə bəraətverici əsaslarla xitam verilib. Əhmədov və Verdiyevin sabiq icra başçısının məhkəməsində ifadə verəcəkləri gözlənilsə də, bu qərardan sonra onlar şahidlər siyahısına salınmayıblar.
Qeyd edək ki, veteran futbolçu xeyli vaxtdı Vilyam Hacıyev tərəfindən aldadıldığını iddia edir. Onun sözlərinə görə, iş adamı Müqayis Verdiyevlə birgə İmişli rayonunda aparılan yenidənqurma işlərində iştirak etsələr də, sabiq icra başçısı onların pulunu verməyib. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırma aparılıb.
Maşallah bəy 2015-ci ildə bir neçə nəfərə qarşı dələduzluq etdiyinə görə həbs olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum olunub. O, 2017-də cəzasının dördəüç hissəsini çəkdiyi üçün vaxtından əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. ("Futbol plus")