Bu gün UEFA Çempionlar Liqasının 2022/2023 mövsümünün final oyunu keçirilib.

Rekord.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində oynanılan həlledici görüşdə İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları üz-üzə gəliblər.

Atatürk Olimpiya Stadionundakı qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edib.

İstanbulun ikinci dəfə ev sahibliyi etdiyi ÇL finalında yenə ingilis - italyan dueli baş tutub. 2004/2005 mövsümündə bu arenada "Milan" və "Liverpul" arasında keçirilmiş tarixi oyunda mersisaydlılar möhtəşəm geridönüş edərək titula sahib çıxmışdılar. İngiltərə təmsilçisi ilk hissədən sonra 0:3 hesabı ilə geri düşsə də, ikinci yarıda 3 qol vuraraq, matçın əvvəlcə əlavə vaxta, ardınca isə penaltilər seriyasınadək uzanmasına nail olmuşdu. 11 metrlik cərimə zərbələri zamanı daha dəqiq (3:2) oynayan ingilislər yekunda qələbəni bayram etmişddilər.

Çempionlar Liqasında ikinci dəfə finala yüksələn "Mançester Siti" hələ bu turnirdə qalib olmamışdı. "İnter" isə ÇL-də oynadığı 6 finalın yarısından qələbə ilə ayrılmışdı.

O da maraqlıdır ki, bu komandalar ÇL-də ilk dəfə üz-üzə gəlirdilər və siftə belə bir final matçına təsadüf edib.

Bu finalda sevinən tərəf Mançester təmsilçisi olub. Nəticədə bu komanda həm ilk dəfə ÇL-i qazanıb, həm də treblə imza atıb. Mançesterlilər bu mövsüm İngiltərə Premyer Liqasının və kubokunun da qalibi olmuşdular.

UEFA Çempionlar Liqası
Final

10 iyun

Mançester Siti - İnter 1:0
Qol: Rodri, 68.
Baş hakim: Şimon Marçinyak (Polşa).
İstanbul, Atatürk Olimpiya Stadionu.