Deyilənə görə, milli komanda Malta toplanışı çərçivəsində şəkildə gördüyünüz 5 ulduzlu "Hilton" otelində məskunlaşıb. Maraqlandım ən ucuz, sadə hesab olunan otağın bir gecəlik qiyməti 200 avrodan yüksəkdir. Futbolçular, məşqçilər, texniki heyət, rəsmi şəxslər, hələ mən "levi" gedən dost-tanışı demirəm, hesablasaq ən azı 40 nəfərlik heyət alınır. Günə 8 min, həftəyə 56 min avro pul eliyir. Nəzərə alaq ki, bu qiymətə yalnız səhər yeməyi daxildi. Bizimkilərin gündə 3 dəfə yemək yediyini nəzərə alsaq, bu xərc 300 avroya yaxınlaşır. Və onu da nəzərə alaq ki, deyək ki, De Byazi, köməkçiləri, yığmanın rəsmi şəxsləri, dost-tanışlar sadə nömrələrdə qalan deyil, o zaman xərc daha da artır. Amma biz elə hesabladığımızın üzərində dayanaq - 56 min avro, manata çevirsək 105 min manata yaxın pul. Belə deyək, "Zaqatala"nın 1 illik büdcəsinə yaxın bir məbləğ. Sözüm nədir?

 

Bəli, milli komandadır, toplanışa gedir, yaxşı qidalanmalı, yaxşı yerdə qalmalıdır, çünki bu ölkəni təmsil edir. Amma... Bunun üçün bunları haqq etməlisən. Belə baxanda Maltada bundan iki dəfə ucuz ən azı 4-5 otel tapdım ki, şəraiti də əladı. Yəni komanda o otellərin birində də qalsa, heç bir narahatlıq hiss etməzdilər. Amma AFFA ən bahalı, ən dəbdəbəli olanını seçir. Kİ, nə federasiya özü, nə də futbolçular göstərdikləri nəticə ilə buna layiq deyillər. Sən bu ölkənin 100 minini 1 həftəlik toplanış üçün Nazarovlar, Almeydalar, Eddilər, Ozobiçlər, Renat Dadaşovlarla birlikdə aparıb Maltada qoyub məzmunsuz oyun və nəticə ilə ölkənin başını aşağı eliyib geri dönürsən, hansı ki, o pula işğaldan azad olunan ərazilərimizdə daha faydalı işlər görmək olardı. Yenə öz cavan, yerli uşaqlarımız olsa, deyərəm eybi yox, özümüzünkülər üçün xərclənib. Amma təəssüf ki, bu ölkənin, bu xalqın pulları bu cür mənasız (müsbət nəticə yoxdur), faydasız toplanışlara, pul naminə gəlib milli formanı geyinənlərə, onların dəllal ortaqlarının cibinə gedir. Artıq 14 ildir...

 

Anar XANLAROV