
“Lankaran Open” festivalının bağlanış mərasimi keçirilib
- 13 İyl 2025 19:30
- 35
Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan" layihəsinə aid “Lankaran Open” festivalının bağlanış mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, mərasimdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısının müavini Emin Quliyev və Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov iştirak edib.
A qrupunda hərəyə 6,5 xal toplayan Vitaliy Bernardskiy və təmsilçimiz Rüstəm Rüstəmov müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb. 9 turda 7 xal toplayan Xaqan Əhməd bütün rəqiblərini qabaqlayaraq “Lankaran Open” yarışının qalibi adını qazanıb.
B qrupunda Əlisəfa Zeynallı 8 xalla birinci yeri tutub. Ələkbər Zeynallı və Pərviz Məmmədli turniri ikinci və üçüncü pillələrdə başa vurub.
“Lankaran Open” festivalı çərçivəsində rapid və blits yarışları da keçirilib. Rapid turnirində Rüstəm Rüstəmov, blits mübarizəsində isə Xaqan Əhməd qalib olub.
Qeyd edək ki, "Lankaran Open" turnirində 4 ölkə təmsil olunub. A qrupunda 38, B qrupunda isə 140 şahmatçı çıxış edib.
"Chess Tour Azerbaijan" layihəsinə aid növbəti yarış Qubada təşkil olunacaq.