Dmitri Kramarenkonun Moskva ÇSKA-sının məşqçilər korpusunda yer alacağı xəbəri hamı üçün yaxşı mənada gözlənilməz oldu.

Uzun fasilədən sonra, nəhayət, azərbaycanlı mütəxəssis ölkə xaricində çalışacaq. Kramarenkonun ordu klubuna keçidi nə qədər sevindirici olsa da, çoxlarını bir sual maraqlandırır. Rusiya kimi böyük, güclü qapıçı məktəbi olan ölkədə niyə yerli məşqçinin yox, əslən azərbaycanlı mütəxəssisin xidmətinə ehtiyac duyulub? Bəli, Dmitri vaxtilə “hərbçilər”in şərəfini qoruyub, bir müddət ÇSKA-nın akademiyasında çalışıb. Ancaq məhz buna görə onun yenidən Moskvaya dəvət olunması heç inandırıcı görünmür. Rusiya mediasında yayılan xəbərə görə, namizədlər arasında başqa isimlər olsa da, komandanın əsas qolkiperi İqor Akinfeyev məhz çoxdan tanıdığı Kramarenkonu dəvət olunmasını istəyib və klub rəhbərliyi onun istəyinə uyğun addım atıb.

Bugünlərdə bizə ötürülən məlumata görə, yığmanın da məşqçilər korpusunda yer alan Dmitrinin Moskvaya yollanmasında qızı Lalə Kramarenko daha çox rol oynayıb. Bədii gimnastika üzrə Rusiya yığmasının üzvü, olimpiya çempionluğuna namizəd göstərilən Lalə atasının yanında olmasını istəyib. Və bu məqsədlə Rusiya Gimnastika Federasiyasının prezidenti, rusiyalı oliqarx Əlişir Usmanovun xanımı İrina Viner-Usmanovaya atasının işlə təmin olunmasında yardımçı olmağı xahiş edib. O da öz növbəsində həyat yoldaşından bu işdə yardımçı olmasını istəyib. ÇSKA-nın prezidenti Yevgeni Ginerlə isti münasibətlərlərə malik Usmanov ondan kluba heç də yad sima olmayan Kramarenkonu işlə təmin etməyi istəyib. Və bununla da yığmanın qapıçılarla işləyən məşqçisinin Moskva klubuna yolu açılıb. ("Futbol plus")