Ötən həftə ərzində təkrarən yaşansa da, sözün həqiqi mənasında cüdo federasiyasının mətbuatla əlaqələrinin gücü sayəsində diqqətdən yayınan hadisə yaşandı. Daha doğrusu, növbətisi. Olimpiya çempionumuz Hidayət Heydərov Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən yarışda yenə çəkisini 73 kq-a sala bilməyərək, “Böyük Dəbilqə” turnirinə qatılmadı. Təxminən bir həftə sonra Çinin Çindao şəhərindəki yarışda isə yenə də çəkini sala bilməyəcəyini anlayaraq 81 kq-da yarışdı və bürünc medal qazandı. 


Yarışdan sonra isə çempionumuz instaqram səhifəsində “Offf, bezdirmisiz… amma yenə kürsüdəyəm. Sizi çox-çox sevirəm” mesajını verdi. 


Olimpiada bitəndən rekord.az olaraq, Hidayət üçün dərhal çəki dəyişməyin daha doğru olacağını yazsaq da, cüdo camiəsi bütün gücü ilə onun üçün elə bu çəkinin ideal olduğunu deyirdi. 81 kq-dakı bu bürünc göstərir ki, idmançı zamanında keçid etsəydi, indiki ardıcıl çəki biabırçılığını yaşamaz, əminliklə deyə bilərik ki, Zelim Çkayevdən də uğurlu olardı. Kimin qərarıdı deyə bilmərik, amma ümid edək ki, 2 il sonra o bizi utandıracaq. Təbii ki, gedib çıxa bilsə. Çünki olimpiada üçün lisenziya xallarının toplanmasına məhz Ulan Batordan başlanmışdı. 


Gələk çempionun mesajına… Hidayət, biz də səni çox-çox sevirik. Amma kim kimi bezdirib o sualdır. Dövlətin hesabına ən yüksək şəraitdə məşq edən, yüksək əməkhaqqı alan, Azərbaycan cüdo tarixinin ən titullu idmançısından şəxsi məşqçi kimi istifadə edən, ən rahat təyyarələrdə uçan, bər-bəzəkli otellərdə qalan və yekunda çəkisini sala bilməyən biri, yoxsa onu ikiqat olimpiya çempionu kimi görmək istəyən, üzülməsini arzulamayanlar? 


Hələ ki, offlamırıq, hələ ki bezməmişik, vergimizi də, işıq, qaz, su pulumuzu da vaxtında veririk ki, sən də bizi bezdirməyəsən!


Bizə səbr, sənə uğurlar çempion!



Mirzə Süleymanlı