Almaniyanın "Bayern" klubunun hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb.


Rekord.az xəbər verir ki, 32 yaşlı forvard buna turnirin 1/8 final mərhələsinin "Atalanta"ya qarşı keçirilən cavab oyununda (4:1, ümumi hesab – 10:2) dubl etməklə nail olub.


Matçın ilk hissəsində penaltini dəqiq yerinə yetirən Keyn fasilədən sonra özünün ikinci, turnirdə isə ümumilikdə 50-ci qolunu vurub. Bununla da o, qitənin bir nömrəli klub turnirində 50 qol həddinə çatan ilk ingiltərəli futbolçu kimi tarixə düşüb.


Təcrübəli hücumçu 2023-cü ildə "Tottenhem"dən Münhen təmsilçisinə keçdikdən sonra "Bayern" forması ilə Çempionlar Liqasında çıxdığı 34 oyunda 28 dəfə fərqlənib. Baldır əzələsindəki zədədən yeni qayıdan Keyn Çempionlar Liqasının 1/8 final mərhələsinin son 4 oyununun hər birində qol vurmağı (cəmi 7 qol) bacarıb.


Qeyd edək ki, Harri Keyn 2025/2026 mövsümündə "Bayern"in heyətində keçirdiyi 39 rəsmi matçda 47 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu həmçinin UEFA-nın bayrağı altında keçirilən turnirlərdə ümumilikdə 50 qol həddini keçən ilk ingiltərəli futbolçudur.