Növbəti mövsümdən I Divizionda mübarizə aparacaq "Karvan"ın baş məşqçisi Kənan Kərimov komandanın hazırlığı və hədəfləri haqda danışıb.

Rekord.az-a açıqlamasında o, öncə AFFA-nın qərarına münasibət bildirdi: "Bizim üçün də sevindirici oldu ki, müraciətimizi müsbət cavablandırıb I Divizionda oynamağımıza qərar verdilər. Demək olar ki, yeni komanda quracayıq. Hədəfimiz "Karvan"ı yenidən Premyer Liqada görməkdi".

Baş məşqçi yaradılan şəraitdən də razıdır: "Rəhbərlik tərəfindən bizə böyük dəstək və qayğı var. İnfrastruktur baxımından bizdə hər şey ideal vəziyyətdədir. Bazadan tutmuş, stadion, ehtiyat meydançaya kimi. Məhz bu səbəbdən təlim-məşq toplanışını da elə öz bazamızda keçəcəyik".

Kərimov heyət və komandanın gücləndirilməsi yönündə aparılan işlərdən də danışdı: "Artıq 3 gündür məşqlərə start vermişik. Heyətə gəlincə, hazırda danışıq apardığımız futbolçular var, amma hələlik heç kiminlə rəsmi müqavilə bağlamamışıq. Ümid edirəm ki, ən qısa zamanda istədiyimiz futbolçularla razılıq əldə edib müqavilə bağlayacayıq".