Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatındakı qrup rəqibləri bəlli olub. "Rekord.az" xəbər verir ki, bizimlə birgə C qrupunda mübarizə aparacaq komandalar İtaliyanın Bari şəhərində təşkil olunmuş püşkatma mərasimində müəyyənləşib. Reqiblərimiz Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmalarıdır.

Püşkatma mərasimində iştirak edən millimizin kapitanı Ayşən Abduləzimova "Rekord.az"a açıqlamasında tədbiri və  qrupumuzu dəyərləndirib: 

"Avropa çempionatının püşkatma mərasimində mən də ölkəmizi təmsil etdim. Belə bir mötəbər tədbirdə olmaq, çıxış etmək və püşkatmada birbaşa iştirak etmək həyəcanlı idi. Artıq bütün qruplar bəllidir. Biz C qrupunda yer alırıq. Rəqiblərimiz də Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya komandalarıdır. Bəzi komandalarla bugünə kimi qarşılaşmışıq, bəziləri ilə isə yox. Oyunlar haqqında nəsə demək hələ çox tezdir. Milli komanda mövsümü başlayanda, hazırlıq prosesimiz başlayanda artıq nələrsə demək olar. Hazırda onu deyə bilərəm ki, bu dəfəki çempionatın ev sahiblərindən biri də bizik. Bizim ev sahibliyi təcrübəmiz var, əminəm ki, Avro-2026-nı da yüksək səviyyədə təşkil edəcəyik. Və biz oyunçular da əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq".