Ötən saylarımızın birində Kamran Ağayevin müsahibəsi dərc olunmuşdu. Müstəqillik illərində Azərbaycanın ən güclü qokiperlərindən biri, bəlkə də birincisi olan adamın səsləndirdiyi fikirlər geniş müzakirə doğurdu. Ağayev futboldan səssiz uzaqlaşmasında, klubsuz qalmasında özünün səhvinin olduğunu etiraf etməklə yanaşı, AFFA rəhbərliyini də qınamışdı. O futbolsuz qaldığı son bir ildə iki dəfə assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşdüyünü, bundan sonra bir daha onunla üz-üzə gəlmək istəmədiyini bildirmişdi. Qurumdan qəzetimizə göndərilən məktubda isə Kamranın Elxan bəydən futbola aid olmayan sahədə iş tapmaqla bağlı yardım istədiyi xüsusi şəkildə vurğulanmışdı.
Ancaq bugünlərdə əldə etdimiz bilgiyə görə, Kamranla icraçı vitse-prezident arasında növbəti dəfə görüş baş tutub. Bu məlumatı dəqiqləşdirmək, görüş olubsa, orda nələrin müzakirə olunduğunu bilmək üçün Ağayevlə danışmağı lazım bildik. Kamran görüş yox, telefon danışığının olduğunu bildirdi: “Təxminən 10 gün öncə Elxan müəllimlə danışdıq. Bəzi məsələləri müzakirə etdik ki, indi detallara varmaq istəmirəm. Bir qədər səbirli olun, yaxın günlərdə ətraflı məlumat verəcəm”.
11 il yığmanın “1 nömrə”si olmuş qapıçı “karyeranı davam etdirmək fikrin var” sualına belə cavab verdi: “Futbol mənim həyatımdı. Bundan başqa əlimdən nə gəlir ki? Yenidən yaşıl sahəyə qayıtmaq istəyirəm. Hətta deyərdim ki, bunun üçün çox darıxmışam. Ancaq bilmirəm, alınacaq, ya alınmayacaq. Çünki çox fasilə vermişəm, əvvəlki Kamran olub-olmayacağımı dəqiq bilmirəm. Ən azı buna cəhd göstərəcəm, əlimdən gələni edəcəm ki, formaya düşüm. Alınmasa, artıq əlcəklərimi çıxarmaq məcburiyyətində qalacam. Bəs sonra? Yenə deyirəm, həyatım futbola bağlıdı. Bundan sonra özümü yeni sahədə sınamaq, başqa işə üz tutmaq çətin olar. Yəqin ki, məşqçiliyə başlayacam. Bunun üçün ilk növbədə oxumaq, müvafiq lisenziyanı əldə etmək lazımdı. Oxumaqla yanaşı, hansısa aşağı yaş qrupu üzrə yığmaların birində qapıçılar üzrə məşqçi kimi də çalışa bilərəm. Ancaq söylədiklərim hələ tam dəqiqləşməyib. Ona görə də bir qədər səbirli olmağınızı xahiş edirəm. Hər şeyi zamanın ixtiyarına buraxaq”. ("Futbol plus" qəzeti)