İBA Rusiya və Belarusla bağlı qadağanı ləğv etdi
- 2022-10-05 17:30
- 461
Beynəlxalq Boks Assosiasiyası (İBA) Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı qərarı ləğv edib.
Rekord.az xəbər verir ki, İBA-nın Direktorlar Şurası əvvəlki qərarın ləğvi, həmçinin Rusiya və Belarusdan olan boksçuların dərhal yarışlarda iştirak etməsinə icazə verilməsi üçün səs verib.
“İBA qəti şəkildə hesab edir ki, siyasət idmana heç bir təsir göstərməməlidir. Ona görə də bütün idmançılara bərabər şərait yaradılmalıdır. Qurum beynəlxalq idman federasiyası kimi öz muxtariyyətinə hörmət etməklə yanaşı, siyasi cəhətdən neytral və müstəqil qalmalıdır” – deyə qurumdan verilən açıqlamada qeyd olunub.
Həmçinin vurğulanıb ki, İBA bütün ölkələri sülhə çağırır və istənilən münaqişədə sülhməramlı olaraq qalır:
“Bundan əlavə, İBA-dan milli mənsubiyyətindən və yaşayış yerindən asılı olmayaraq, idmançılara və yarış rəsmilərinə bərabər münasibətin olmasını təmin etmək tələb olunur. Qərara əsasən, Rusiya və Belarusdan olan hakimlər və texniki rəsmilər də yarışlara qayıdacaqlar”.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.