Naxçıvanda fəaliyyət göstərən nazirliklər arasında "Heydər Əliyev kuboku" uğrunda futzal turnirində qrup mərhələsinə yekun vuruldu.

Rekord.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi - İqtisadiyyat Nazirliyi oyununda birinci tərəf 8:1 hesablı qələbə qazanıb.

Bu nəticə ilə FHN təmsilçiləri yarımfinala adlayıblar. Növbəti görüşdə Maliyyə Nazirliyinin komandası üzərində 5:0-lıq qalibiyyət əldə edən FHN "B" qrupunu lider kimi tamamlayıb. Səhiyyə Nazirliyin komandasına növbəti oyunlarında oyunda iştirak etmədiyinə görə 0:5 hesablı texniki məğlubiyyət verilib. Buna əsasən Mədəniyyət və İqtisadiyyat nazirliklərinin göstəricilərinə 3 xal da əlavə olunub.

Qrup mərhələsindəki nəticələrdən sonra 4 komanda növbəti mərhələyə çıxıb. Turnirin reqlamentinə əsasən yarımfinal mərhələsində Gənclər və İdman Nazirliyi - FHN, Maliyyə Nazirliyi - Rabitə və Yeni Texnologiyalar Nazirliyi matçları keçiriləcək.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyası tərəfindən birgə təşkil olunan yarışa 9 komanda qatılıb. Kollektivlər iki qrupda mübarizə aparıb. Hər qrupdan ən yaxşı göstəriciyə malik iki komanda pley-ofa adlayıb.