U-21 millisi növbəti oyunda da məğlub oldu. Fransada yerlə sürünən və 0:5-lik məğlubiyyətə düçar olan Obradoviçin komandası dünən evdə İsveçrəyə də məğlub oldu. Düzdür, bu dəfə hesab minimal oldu - 0:1. Amma bunu da azarkeşlərin ayağına yazaq. Milli bu günə kimi ev oyunlarını Bakıda keçirirdi. Lakin "Dalğa Arena"da olan oyunlar bir qayda olaraq boş tribunalarv önündə keçirdi. AFFA bu dəfə bic tərpənib oyunu Sumqayıta salmışdı. Bilirdi ki futbol şəhəridir və 1300 nəfərlik "Kapital Bank Arena" 100 faiz dolacaq. Elə futbolçuları əzmkar oynamağa da həmin dolu tribunalar sövq etmişdi. Təsadüfi deyil ki, Ozancan Kökçü matçdan sonra jurnalistlərə açıqlamsında deyib ki, ilk dəfədir U-21-in ev oyununda bu qədər azarkeş görüb. Amma...

 

Azarkeş dəstəyi və dolu tribunlar ən yaxşı halda minimal hesablı məğlubiyyətə kömək etdi. U-21-in bundan artığına gücü çatmadı. Halbuki qələbə təqdirində təmsilçimiz İsveçrə və Gürcüstanla birlikdə liderliyi paylaşacaqdı. Lakin Obradoviçin komandasının gücü heç 1 xala da çatmadı. Çox maraqlıdır ki, serbiyalı məşqçi oyundan sonra inkişafdan dəm vurub. Hətta daha da irəli gedərək deyib ki, onlar bu oyunla inkişafa doğru daha bir addım atmış oldular. Bu, artıq həyasızlıqdır. Özü də çərçivəni aşan həyasızlıq. Adam qrupda hamıdan çox oyun keçirməsinə baxmayaraq cəmi bir qələbə qazanıb və qalan oyunların hamısında uduzub. Rəqib qapılarına iki top vurub öz qapısından isə 11-ni buraxıb. Həmin qazanılan 3 xalın və vurulan iki qolunda necə olduğunu hər kəs bilir. Macarıstanla oyunun son dəqiqəsində sayılmayan qolu siyasi şoya çevirib Niderland səfirliyinin qarşısına etirazçı dəstəsi göndərən Elxan Məmmədov U-21-in Slovakiyanın qapısına oyundankənar vəziyyətdən vurduğu və hakim tərəfindən qeydə alınan qollarını nə tez unudub? İkinci qolda millimizin türk hücumçusu ilə Slovakiyanın sonuncu futbolçusu arasında 1 "astanovka"lıq məsafə var idi. Amma yan xətt hakimi buna göz yumdu və millimiz qol vuraraq qələbə qazandı. Həmin qollar olmasaydı U-21-in aktivində heç 1 xal da olmayacaqdı. Son üç oyunda komanda 1 xal belə qazana bilməyib. Gürcüstana 0:3, Fransaya 0:5 və İsveçrəyə 0:1-lik məğlubiyyətlərdən sonra əsas milli kimi U-21-lər də sonuncu pilləni özü üçün "təmin edib". 3 oyuna bir qol belə vura bilməyən Obradoviçin komandası öz qapısından 9 top buraxıb. Bu cür biabırçılıq fonunda bir məşqçi nə qədər həyasız olmalıdır ki, inkişafdan dəm vursun. Mən hələ dünya futbolunda 9 top buraxıb inkişaf edən milli xatırlamıram. Görünən budur ki qısa zamanda baş katib Elxan Məmmədov Obradoviçə "Azərbaycan nağılları"nı rus dilindən serb dilinə tərcümə edib danışa bilib. Onsuz Azərbaycan futbolunun inkişafı Obradoviç qədər Məmmədov üçün də önəmli deyil. Əsas odur cibləri dolu olsun...

 

Anar XANLAROV