
Hədəf Rəşad Sadıqovdu
- 04 Apr 2022 10:00
- 979
Dünən keçirilən "Neftçi" - "Zirə" matçında növbəti hakim qalmaqalının şahidi olduq. Görüşün baş hakimi İnqilab Məmmdov görüşün son dəqiqəsində verdiyi penalti qərarı ilə matça damğa vurdu. Dünəndən bəri bununla bağlı mediada, sosial şəbəkələrdə qızığın müzakirələr gedir. Əksəriyyət hakimin bu qərarı ilə "Neftçi"yə kömək etdiyini, "Neftçi"yə xal qazandırdığını düşünür. Bəli, hakimin bu qərarı "Neftçi"yə xal qazandırdı. Amma şəxsən mən o fikirdə deyiləm ki, İnqilab Məmmədov məhz "Neftçi"nin xal qazanması üçün o qərarı verdi. Yəni müzakirə predmetinin "Neftçi" olmasını istəməzdim. Burada əsas hədəf Rəşad Sadıqovdu. Dünən "Neftçi"nin yerində "Sumqayıt", hətta "Qarabağ"ın özü olsa belə, yenə hakim o penaltini verəcəkdi. Çünki bir daha təkrar edirəm, burada əsas hədəf Rəşad Sadıqovdu və onun komandasının kimə qarşı oynadığı heç nəyi dəyişmir. Yetər ki, "Zirə" dayandırılsın, Rəşad Sadıqovun qabağı kəsilsin, futboldan bezsin, iyrənsin və getsin. Azərbaycan futbolu itirsin, Azərbaycan futbolunu məhv edənlər qazansın. Söhbət kimlərdən gedir, məlumdur. O kəslər ki, min bir hoqqa ilə Rəşad Sadıqovu U-21 millisindən kənaralşdırmışdılar. Niyə? Çünki Azərbaycan futboluna fayda verirdi, sifarişlə futbolçu götürmürdü, AFFA-nın dəllallarını özünə yaxın buraxmırdı, onarı "levi" gəlirlərdən məhrum etmişdi. Təbii ki, belə bir adam Azərbaycan millisində işləyə bilməzdi və hansısa yolla onu uzaqlaşdırmaq lazım idi.
Lakin həmin Rəşad bu gün uğurlu fəaliyyətini "Zirə"də davam etdirir, komandası avrokuboklara demək olar ki, vəsiqəni təmin edib, növbəti qələbə ilə 2-ci pilləyə yüksələckdi. Amma yox, olmaz. AFFA-da oturan futbol düşmənləri üçün bu, yolverilməzdi. Ona görə, "Zirə" dayandırılmalı, Rəşad Sadıqovun qabağı kəsilməlidir. Bunu reallışdırmaq üçün İnqilab Məmmədov kimi "qurban"lar hər zaman tapılır. Qurban Qurbanova qarşı bunu etmək olmur. Cəhdlər olub və imkan daxilində yenə olacaq. Lakin "Qarabağ" bu gün elə səviyyədə sistemləşib ki, AFFA-nın onu zərərsizləşdirməsi faktiki mümkün deyil. Ona görə də bütün qüvvə Rəşad Sadıqov və onun komandasına qarşı yönəlib. Şübhə etmirəm ki, həmin şəxslər sabah deyək ki, Ştuxlikin əli ilə "Zirə"nin avrokuboklardakı oyunlarına təyinat alacaq hakimləri də ələ ala bilər. Azərbaycanın adı, imici, önəmli deyil, yetər ki, Rəşas Sadıqovun irəliləməsinin qarşısı kəsilsin...
Anar XANLAROV