
Hanı sənin Bəxtiyarın?
- 26 Apr 2022 13:00
- 696
Ötən gün 17 yaşlılar arasında Azərbaycan çempionatında biabırçı hadisə yaşanıb. Belə ki, Bibiheybətdə təqvim üzrə nəzərdə tutulan "Zirə" - "Şamaxı" matçı baş tutmayıb. Sizcə, səbəb nə olsa yaxşıdır? Hakimlər oyuna gəlməyib. Halbuki saat 14:00-a təyin olunan oyunun hər iki iştirakçısı vaxtında arenaya gəlib, formalarını dəyişib isinmə hərəkətlərini də edib hakimin start fitini gözləyiblər. Lakin bu zaman məlum olub ki, hakimlər otağında heç kim yoxdur. AFFA ilə əlaqə saxlayan rəsmilər bunun səbəbini soruşanda federasiyadan onlara bildirilib ki, hakimlər yolda tıxaca düşüb və oyun 15:00-da başlayacaq. Lakin görüş saat 15:00-da da start götürməyib, çünki «fit sahibləri» göstərilən saatda da stadiona gəlib çıxmayıb. Daha sonra AFFA-dan klub funksionerlərinə etiraf ediblər ki, qarşılaşmaya təyinat verməyə hakim tapılmayıb. Yəni, bu oyuna yerli-dibli təyinat olmayıb. Bu üzdən 2 saat boş-boş məşq edən və gözləyən komandalar kor-peşman evə getməyə məcbur olub. Bununla da Azərbaycan futbolunda növbəti biabırçılıq yaşanıb. Həm bu fakt, həm də "Cəbrayıl" - "Energetik" matçında yaşanan biabırçılıq bir daha sübut edir ki, Azərbaycanda tək futbol yox, elə futbol hakimliyi də rüsvayçı gündədir. Bütün bunlar isə AFFA-nın yarıtmaz rəhbərliyi tərəfindən bu işə təhkim olunan və deyilənə görə, tez-tez İçərişəhərdəki "Təzəbəy" hamamına gedən avstriyalı Ştuxlikin heç vecinə də deyil. Olan isə Azərbaycan futboluna olur. Düzü, mən bilmirəm, "Zirə" - "Şamaxı" oyununa hakim təyinatının olmamasının əsl səbəbi nədir. Təyinatı yazan şəxsin fikri başqa yerdə olub, yoxsa "Zirə" və "Şamaxı" ilə mırt tutmaq qərarına gəlib, ya həqiqətən də oyuna təyin etməyə hakim tapılmayıb. İstənilən halda, bu biabırçı durumun bəraəti yoxdur. Səhlənkarlıqdırsa, bir biabırçılıq. Oyuna təyin etməyə hakim tapılmayıbsa, ikiqat biabırçılıq. Belə yerdə Ştuxlikə sual vermək lazımdır ki, bəs yetişdirdiyi yeni hakimlər hanı? İki ildən çoxdur burdadır, hansı islahatları aparıb, gənc hakimlərin yetişməsində hansı addımları atıb? Yadıma məşhur "Bəxtiyar" filmindəki məşhur ifadə düşür "hanı sənin Bəxtiyarın?". İndi ay Ştuxlik, hansı sənin hakimlərin? Səhv etmirəmsə, Azərbaycan futbolunda belə hal olmamışdı. Komandalardan hansısa birinin oyuna gəlmədiyini görmüşdük, amma hakimin oyuna gəlməməsi... AFFA-nın yeni baş katibi Sərxan Hacıyev də deyir ki, biz, bu günə qədər olan strategiyanı davam etdirəcəyik. Davam etdir, Sərxan Hacıyev, davam etdir. Elxan Məmmədov soyub-soyub quyruğunda saxlayıb, onun işini yarıda saxlama və bu strategiyanı davam etdirməklə, Azərbaycan futbolunub axırına çıx.
Anar XANLAROV