“Mançester Siti” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə “Leypsiq”i məğlub edib (7:0).

Rekord.az xəbər verir ki, bu matç “şəhərlilər”in hücumçusu Erlinq Haland üçün əlamətdar olub.

Görüşdə beş qol vuran forvard Lionel Messi və Luis Adrianonun rekordunu təkrarlayıb.

Argentinalı futbolçu 2012-ci ildə “Barselona”da oynayarkən “Bayer”ə (Leverkuzen) qarşı matçda, Adriano isə 2014-cü ildə “Şaxtyor”un (Donetsk) heyətində BATE ilə qarşılaşmada penta-trikə imza atıb.

Eyni zamanda, Haland qitənin bir nömrəli klub turnirində 30 qola çatan ən gənc futbolçu olub. Meydana çıxdığı 25 matçda 30 dəfə fərqlənən norveçli forvard bunu 22 yaş 236 günündə bacarıb.

Norveç yığmasının üzvü Avropada bu mövsüm ən çox het-trikə imza atan futbolçuya da çevrilib. Haland həm də “Mançester Siti” tarixində bir mövsümdə ən çox qol vuran futbolçu olub. Onun hesabında artıq 39 qol var. Bundan əvvəlki rekord isə Tommi Consona məxsus idi – 38 qol.

Haalandın bu mövsüm Çempionlar Liqasında indiyədək 10 qolu var. Bu da klub adına bir rekorddur. Dünənədək Riyad Mahrez 7 qolla bir mövsümdə (ötən il) “Mançester Siti”nin ən məhsuldar futbolçusu idi.