Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimlərə növbəti təyinat göndərib. "Rekord.az" xəbər verir ki, beynəlxalq dərəcəli referilərimizdən Eldar Zülfüqarov fevralın 23-də qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Novara” (İtaliya) matçını idarə edəcək. Zülfüqarov İstanbulda Burhan Felek Voleybol Salonunda təşkil olunacaq görüşdə ikinci hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın birinci hakimi isə ukraynalı Medved Mixaylo olacaq.

Fevralın 24-də CEV kubokunun yarımfinalında isə Eldar Əliyev Rusiyada Sankt-Peterburq Arenada kişi voleybolçular arasında yerli “Zenit”lə Belçikanın “Qrinyard” klublarının ilk oyununda hakimlik edəcək. Oyunda əsas referi Roqiç Deyan olacaq.

Digər beynəlxalq dərəcəli hakimimiz Zaur Hacıyev isə martın 2-3-də ölkə xaricində olacaq. O, qadın voleybolçular arasında Çağırış kubokunun yarımfinal mərhələsi çərçivəsində “Türk Hava Yolları” – “Yeşilyurt” klublarının hər iki matçında referilik edəcək. Hacıyev Burhan Felek Voleybol Salonunda təşkil olunacaq ilk görüşdə əsas, cavab oyununda ikinci referi funksiyasını yerinə yetirəcək. O, hər iki qarşılaşmada yerli Senyurt İlhami ilə matçları idarə edəcək.