"Region Liqası"nın "Cəbrayıl" - "Energetik" matçında yaşananlar və qonaq futbolçuların hakimləri döyməsi AFFA tərəfindən ciddi narazılıqla qarşılanıb.

Rekord.az-a daxil olan məlumata görə, şəxsən Elxan Məmmədov da bu durumdan əsəbləşib.

Xatirinizdədirsə, bir müddət öncə Mingəçevirə səfər edən Məmmədov bu şəhərin komandasının I Divizionda oynaması üçün kömək edəcəklərini açıqlamışdı. Lakin son baş verənlər icraçı vitse-prezidenti düşünməyə vadar edib. Çünki belə narahatlıq var ki, "Region Liqası"nda səfərdə hakim döyən komanda sabah I Divizion çərçivəsində evdə 5-10 min azarkeş qarşısında oynayacaq və həmin oyunda hakim səhvi olsarsa, daha böyük dava-dalaş yaşana bilər ki, bu da AFFA rəhbərliyinin ən çox çəkindiyi məsələdir. Bir sözlə, "Energetik" futbolçuları etdikləri hərəkətlə bəlkə də I Diviziona olan yollarını bağladılar.