"Özümə söz vermişəm ki, musiqi ilə bağlı danışmayacam. Sadəcə, onu deyim ki, uşaqlıqdan tək muğama yox, xalq mahnılarına da marağım olub".

Rekord.az xəbər verir ki, bunu Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) musiqiyə marağı barədə Milli Antidopinq Agentliyinin rəsmi instaqram səhifəsindəki canlı yayımda deyib.

3 qat dünya və 3 qat Avropa çempionu bildirib ki, bu, kiçik yaşlarından yaranan həvəs olub:

"Az da olsa, piano və kamança kurslarına getmişəm. Zaman keçdikcə, böyüdükcə gördüm ki, musiqi mənim həyatımda hər şey demək deyil.

Amma arada ürəyim istəyəndə mahnı oxuyuram. Bir-iki dəfə səhv edib verilişlərdə də oxumuşam (gülür)".

Hacı Əliyev son olaraq Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.