“Gözlədiyimiz kimi maraqlı, gərgin, yaxşı oyun alındı. Birinci hissə daha çox keyfiyyət xarakteri daşıyırdı”.


Rekord.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın məşqçisi Elnur Çodarov Misli Premyer Liqasının 14-cü turunda “Karvan-Yevlax”la keçirilən görüşü şərh edərkən deyib.


Mütəxəssis Füzuli Məmmədovun yeni təyinatına diqqət çəkərək rəqibin iki oyununu analiz etdiklərini, "Qarabağ"a qarşı oyunla müqayisədə onlara qarşı tam fərqli mübarizə gördüklərini bildirib:


“Füzuli Məmmədov yeni təyin olunub. Onların iki oyununa baxıb analiz etmişdik. "Qarabağ"a qarşı bir cür, bizə qarşı isə tam fərqli çıxış edəcəklərini bilirdik. İkinci hissədə tempi artırdıq, ön xətdə aqressivliyi və intensivliyi yüksəltdik və istədiyimiz nəticəyə nail olduq.”


Məşqçi komandada debüt edən oyunçunu təbrik edib və matçın sonlarında meydanda 6 yerli futbolçunun olmasını xüsusi qeyd edib. Dieqo Balaunun növbəti baxımlı qoluna toxunan Çodarov, onun yenidən "ayın qolu"nu qazanacağına ümid etdiyini bildirib və qolun əvvəlkinə bənzədiyini deyib.


Sonda Yevlaxdakı süni örtüklü meydançanın vəziyyətinə toxunan mütəxəssis şərtləri belə izah edib:


“Meydançada oynamaq ağır idi. Dəqiq desək, süni örtüyün rezinləri sərt idi. Amma yağış üzümüzə baxdı”.