Gənclər və idman naziri millimizlə görüşüb
- 18:47
- 18
Bu gün gənclər və idman naziri Fərid Qayıbov Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət millimizin məşqində olub. "Rekord.az" xəbər verir ki, GİN-in Voleybol Mərkəzində təşkil olunan məşqi Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov da izləyib.
Nazir məşqdən sonra millimizin üzvləri ilə söhbət edib. O, voleybolçularımızın hazırkı vəziyyətləri ilə maraqlanıb, həmçinin təlim-məşq toplanışı barədə məlumatlandırılıb. Fərid Qayıbov avqustun 21-də start götürəcək Avropa çempionatında millimizin qrup mərhələsini adlayaraq pley-offa vəsiqə qazanacağına inamını bildirib və voleybolçularımıza uğurlar arzulayıb.
Sonra nazir Fərid Qayıbov millimizlə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, millimiz C qrupunda mübarizə aparacaq. Komandamız qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq. Bakıdakı oyunlar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.