“Gəncə stadionu tək şəhər üçün yox, Azərbaycan futbolu üçün də faydalı olacaq”
- 14:40
- 34
Gəncə stadionu tək şəhər üçün yox, Azərbaycan futbolu üçün də faydalı olacaq.
Rekord.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis ötən gün qərb təmsilçisinin doğma meydanda ilk oyununu keçirməsi barədə danışıb:
"Karvan-Yevlax"a qarşı keçirdiyimiz yoxlama matçı Gəncə stadionundakı ilk oyunumuz idi. Belə bir arenanın tək Gəncə üçün yox, Azərbaycan futbolu üçün faydası olacaq. Bizim şəhər, azarkeşlərimiz bu cür gözəl stadiona layiqdir. Burada oynamaq bizə də xoş təəssürat bağışladı. Gəncə stadionunda keçirdiyimiz ilk görüşdə qələbə qazandıq. İnanıram ki, "Kəpəz" azarkeşləri bu stadionu tam dolduracaqlar və biz də azarkeşlərimizi qələbələrlə sevindirəcəyik".
O, Yevlax kollektivi ilə görüşdə komandanın lazımi oyunu göstərə bildiyini vurğulayıb:
"Matçın ilk hissəsində komanda istədiyimiz oyunu nümayiş etdirə bildi. Əsas istəyimiz qol epizodları yaratmaq və onlardan istifadə etmək idi. Birinci yarıda daha çox fərqlənə bilərdik. Amma 2 qol da az deyil. İkinci hissədə oyunun sürəti bir qədər aşağı düşdü. Bu da normaldır. Bəzi əvəzetmələr etdik, gənc oyunçuları meydana buraxdıq. Onlar da çalışdılar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Bu, ilk qələbəmiz idi, hər kəsi təbrik edirəm".
Qeyd edək ki, sözügedən matçda "Kəpəz" "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edib.