Bakıda təşkil olunan Azərbaycan qran-prisində bu gün Formula 2 üzrə əsas yarış baş tutub.

Rekord.az xəbər verir ki, 29 dövrədən ibarət mübarizənin yekununda “Prema Racing” komandasının pilotu Oliver Birman bütün rəqiblərini geridə qoyub.

“Rodin Carlin”dən Entso Fittipaldi ikinci, “Art Grand Prix”dən Teo Purşer üçüncü olub.

Xatırladaq ki, bu sürücülər sıralama turunda da müvafiq mövqelərdə qərarlaşmışdılar.

"Hitech"dən İsak Hacar uzun müddət lider olsa da, bunu sonadək davam etdirə bilməyib. “PHM Racing”dən Bred Benavides isə qəza törətdiyi üçün mübarizəni dayandırıb.

Yarışdan sonra Formula 2 üzrə Azərbaycan qran-prisinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev iştirak ediblər.

Xatırladaq ki, bu gün Formula 1 üzrə Azərbaycan qran-prisində də əsas yarış baş tutacaq. Əsas yarış saat 15:00-da başlayacaq.