Formula 1-də çıxış edən ABŞ-ın “Haas” komandası rusiyalı pilot Nikita Mazepinlə müqaviləni pozub.

Rekord.az xəbər verir ki, bu barədə “Haas”ın rəsmi saytı məlumat yayıb.

Bu qərar Rusiyanın Ukraynaya hücumuna görə qəbul olunub. “Haas” eyni addımı titul sponsoru olan Rusiyanın “Uralkaliy” şirkətinə qarşı da atıb.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) isə Rusiya və Belarusdan olan pilotlarını buraxmaqdan imtina edən federasiyalara qarşı bir sıra sanksiya tədbirləri həyata keçirəcəyi ilə bağlı məlumat yayıb. Bu qərarı bütün üzvlərin yerinə yetirmələrinin məcburi olduğu vurğulanıb.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.