“Finalda FIDE komandasına qarşı çıxış etmək bir az ağır idi”
- 17:00
- 35
FIDE komandasının heyətində tanınmış şahmatçılar olduğu üçün onlara qarşı çıxış etmək çətindir.
Rekord.az xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə açıqlamasında İspaniyanın Linares şəhərində keçirilən komandalararası dünya çempionatında gümüş medal qazanan Ülviyyə Fətəliyeva deyib.
O, bu yarışa ciddi hazırlaşdıqlarını söyləyib:
"Bu yarışa qatılmağı çox istəyirdik. Son anda qərar veriləndə hamımız çox sevindik. Əsas hədəfimiz layiqli şahmat oynamaq və qrupdan çıxmaq idi. Pley-offda əzmkarlıq daha da artdı. Sona qədər mübarizə apararaq irəliləməyə çalışdıq".
Şahmatçı ən çətin mübarizənin FIDE komandasına qarşı olduğunu bildirib:
"FIDE komandasına qarşı oynamaq bir az ağır idi. Çünki onlar super ulduz heyətlə çıxış edirdilər. Bununla yanaşı, Qazaxıstan komandası ilə oyunu da çətin mübarizə hesab edirəm. 8 oyunda bərabərlik qeydə alındı. Blitsdə udmağımız çətin olmaqla yanaşı, həm də komanda ruhunu artırdı. İspaniya komandasına qalib gəldikdən sonra finala gedəcəyimizə inam yarandı".
Ü.Fətəliyeva sonda gümüş medalın əhəmiyyətini belə qiymətləndirib:
"Gümüş medalın "qızıl"ın xəbərçisi olmasını istəyirik. Ümid edirik ki, Azərbaycan komandasının yüksəlişi və ən böyük uğurları irəlidədir".
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının finalında FIDE komandasına uduzub.