“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun “Neftçi” ilə keçiriləcək final matçından öncə baş tutan mətbuat konfransında iştirak edib.

Rekord.az xəbər verir ki, o, “ağ-qaralar”la keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb:

“Hamını salamlayıram. Oyunun əhəmiyyətini dərk edirik. Yaxşı mübarizə apararaq istəyimizə çatmaq istəyirik. Şanslar bərabərdir. Komandam ən yaxşısını etmək üçün meydançaya çıxacaq. Meydan amili matça təsir etməməlidir. Burada ilk dəfə oynamayacağıq. Stadionun ümumi mənzərəsi futbolçuların oyundan həzz alması baxımından da vacibdir.

“Neftçi” barədə yox, komandam haqda düşünürəm. Futbolçularıma təşəkkür edirəm ki, mövsümü istədiyimiz pillədə bitirə bildik. Oyunçularım iddialıdırlar. Meydançada fərqli “Qəbələ” görəcəyik.

Asif Məmmədov cəzalı olduğu üçün ehtiyat oyunçular skamyasında olmayacaq. O, bizim üçün önəmli futbolçudur. Bizdən kənarda olsa da, onu aramızda hiss edəcəyik.

Azarkeşlərimizin stadionda olmasını istəyirik. Onların dəstəyi bizə əlavə güc verəcək. İnanıram ki, sabah onların sayı çox olacaq.

Futbol statistika üzərində qurulmayıb. Hər şeyi unudub meydançaya çıxmalıyıq. Məncə, sabah tarix yaza bilərik. Məqsədə çatmaq üçün futbolçularım cəhd edəcəklər. İnsanlar hər cür fikirləşə bilər. Sabah məşqçilərin yox, “Qəbələ” və “Neftçi”nin dueli olacaq.

Çempionatda da bizə inanan az idi. Şükürlər olsun ki, az büdcə ilə məqsədə çatdıq. Sabah hansı komanda xarakter göstərsə, istəyinə çatacaq.

Transfer çalışmalarına başlamamışıq. Sabahkı oyundan sonra lazımı mövqelər üçün transfer məsələlərinə başlayacağıq”.

Ölkə kubokunun həlledici qarşılaşması iyunun 3-də, “Bakcell Arena”da baş tutacaq.