
FİFA referisi adına yaraşmayan idarəçilik
- 11:00
- 72
Yeni tur başlar-başlamaz yenə hakimliklə bağlı şkayətlər eşidirik. Cəmi 3 tur geridə qalsa da, artıq iki klub hakimliklə bağlı şikayətini açıq şəkildə ifadə edib. Öncə II turda "Sabah" - "Şamaxı" oyunundan sonra "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Rəşad Əhmədovun idarəçiliyindən şikayətini dilə gətirdi.
3-cü turun "Neftçi" - "Turan Tovuz" matçından sonra isə Samir Abasov Əliyar Ağayevin idarəçiliyindən narazılığını gizlətmədi. Xüsusilə Riberonun meydasnçadan qovulduğu epizod mübahisələrə yol açdı. Ağayev əcnəbi müdafiəçi ilə Faiq Hacıyev arasındakı qalmaqalda "Neftçi"nin əlehinə qərar verdi və bu azmış kimi, AFFA İntizam Komitəso də Riberoya 3 oyunluq cəza, kluba isə 3000 manat cərimə kəsdi. Federasiyadan gələn bu qərar isə ortamı daha da gərginləşdirdi. Ümumiyyətlə oyunu yenidən izlədikdə, epizodları təhlil edəndə hakimin qərarlarının həqiqətən də mübahisəli olduğu görünür. Ribero ilə Faiq arasında gərginlik yaşandığı faktdır. Amma etiraf edək ki, həmin epzoda görə "Neftçi"nin müdafiəçisinə birbaşa qırmızı vərəqə çox ağır qərardı. Qırmızı vərəqə adətən birbaşa zərbəyə və zərbəyə cəhdə görə verilir. Bu epizodda isə Ribero rəqibini daha çox itələyəmə oxşayır. Faiqin burada artistizmi də qeyd olunmalıdır. Əliyar Ağayev kimi FİFA referisi gərək buna aldanmazdı. Epizodu şərh edən türkiyəli sabiq FIFA referisi Deniz Ateş Bitnel də həmin epizodun maksimum sarı vərəqə olduğunu qeyd edib. "Turan Tovuz"un futbolçusu özü də oyundan sonra Ribero ilə aralarında heç bir söhbət filan olmadığını, sadəcə top getdikdən sonra bir-birlərini itələdiklərini bildirb. Bütün bunlardan sonra belə qənaətə gəlmək olur ki, Əliyarın qərarı çox şübhəlidir və statusuna yaraşmır. İntizam Komitəsi də məhz onun raportu əsasında futbolçuya və kluba ağır cəza verib. Ağayev başa düşməlidir ki, bu cür qərarlarla öz imicini zədələyir. "Neftçi"dən gözləntilər, "Neftçi"yə təzyiqlər onsuz da çoxdur. Belə vəziyyətdə hakimin bir səhv qərarı bu təzyiqi daha da artırır, klubun, məşqçilər korpusunun əziyyətini yerə vurur.
Tək nu epizod deyil. Matçın 10-cu dəqiqəsində yaşanan epizod da hakimin kobud səhvini göstərir. Belə ki, "Neftçi"nin hücumu zamanı İmad Farajla Hurtato arasında epizod yaşanır. "Turan Tovuz"un müdafiəçisi başla topa toxuna bilmir və "Neftçi"nin hücumçusu cərimə meydançasına daxil olan topa doğru şığıyır. Bu zaman Hurartu dabanla Farajın qarnına zərbə endirir. Bu isə aşkar qayda pozuntusudur. Hətta epizod cərimə meydançasınn xətti üzərində baş veribsə bu, təmiz penaltidir. Hakimin bu epizoda, ümumiyyətlə, reaksiya verməməsi isə biabırçılıqdı.