AFFA-nın Region Liqasında çıxış edən bəzi komandalara maliyyə dəstəyi göstərdiyi iddia olunur. Xüsusilə Şimal-Qərb regionunda çıxış edənlərin adı hallanır.

Rekord.az xəbər verir ki, bu zona üzrə 7 komanda mübarizə aparır ki, onlardan beşinin - “Energetik”, “Ağstafa”, “Şəki”, “Qoşqar UGİM-2” və “Gəncə”nin qurumdan hər ay 2000 manat yardım aldığı, “Karvan”la “Göyəzən”in isə diqqətdən kənarda qaldığı deyilir. Qeyd edək ki, “Energetik” qrup lideri kimi, “Karvan” isə 2-ci yeri tutaraq pley-offda oynamaq hüququ qazanıb, “Göyəzən” 4-cü pillədə qərarlaşıb.

Görəsən, həqiqətən AFFA Mingəçevir təmsilçisinə maliyyə ayırıb? Bu dəstək sayəsində “Energetik” qrup lideri olub? Ümumiyyətlə, qurumun bu komandanı 1-ci diviziona gətirmək istədiyi deyilir. Bütün suallara aydınlıq gətirmək üçün klub prezidenti Ruslan Həmidovla danışdıq: "Bu xəbər həqiqəti əks edirmir. Belə pis çıxmasın, 4 ildi AFFA-dan 1 qəpik də görmürəm. Bizim komandanı ancaq top və forma ilə təmin edirlər. Şəhər camaatı, dost-tanışım olmasa, klub ayaqda qala bilməz. Bəzi iş adamları var ki, onlar bizə çox böyük kömək olurlar. “MRT İnşaat”dan Vüqar Qədimov, “5+”dən Mais müəllim, iş adamı Arif Babayev, adının çəkilməsini istəməyən başqa şəxslər də var ki, klubun ayaqda qalması üçün əllərindən gələni edirlər. 4 ildi şəhərimizdə futbol olsun deyə, dəstək verirlər. Allah hamısının canını sağ etsin. Amma AFFA tərəfindən mənə 1 qəpik də verilməyib. Bu sözü deyirəm və arxasında da dururam. Kim nə deyirsə, boş danışır. Biz də onlara görə pis vəziyyətə düşmüşük. İş adamları deyirlər ki, AFFA sizə dəstək olur? Bu nə məsələdi belə? Onları güclə inandırmışam ki, vallah, elə şey yoxdu" (Futbol+ qəzeti)