
Elxan Məmmədovun doğrulan, ictimaiyyətin puç olan ümidləri
- 27 Apr 2022 17:00
- 810
Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezident postundan gedir. Mayın 1-dən bu gediş rəsmləşəcək. Amma adam hələ ki, AFFA və Azərbaycan futbolundan birdəfəlik getmək fikrində deyil. Ən azı ictimai əsaslarla vitse-prezident və eləcə də icraiyyə komitəsinin üzvü kimi hələ də federasiyada qalacaq. Nə vaxta kimi, bunu zaman göstərəcək. Dəqiq olan bir də odur ki, baş katib postu ilə də vidalaşıb. Düzdür, bu vidalaşma FİFA-dan təyinat almamışdan öncə olmuşdu. Amma güman ki, hər şey öncədən ölçülüb-biçilmişdi. Özü getsə də, baş katib postunu elə öz adamı, sağ əli, şagirdi, yetirməsi, bir sözlə, bu kəlmələrlə sinonim nə varsa, hamısına uyğun gələn şəxsə, Sərxan Hacıyevə həvalə etdi. De-yure bundan sonra Azərbaycan futbolunda əsas idarəçi Hacıyev olacaq. Bu şəxs həqiqətənmi AFFA-da, Azərbaycan futbolunda Elxan Məmmədov kimi, əsas idarəçi, söz sahibi olacaq, ya yox, bunu indidən demək olmaz. Yaxın 1-2 aya bu suala da cavab tapılar. Amma sözügedən şəxs faktiki hazırda ən azı sözdə əsas fiqur hesab olunur. Ona görə, onun hansı addımlar atacağı, futbolla bağlı hansı fikirlərə, ideyalara sahib olması maraq doğururdu. İctimaiyyətin elə nümayəndələri var ki, Hacıyevdən fərqli nələrsə gözləyirdi. Çünki yeni postda ilk açıqlamalar olacaqdı və bu açıqlamar bizlər üçün də müəyyən ip ucu ola bilərdi. Hacıyevdən ilk açıqlamalar oldu. Özü də geniş şəkildə, AFFA-nın xətti ilə Şamaxıya səfər edən 30-a yaxın jurnalistin önündə. Adam çıxdı açıq şəkildə dedi ki, bu günə qədər Azərbaycan futbolunda hansı strategiya olub, biz də ona sadiq qalacağıq və davam etdirəcəyik. Yeni baş katib bununla da ona bəslənən ümidləri puç etdi. Əvəzində müəllimi Məmmədovun kursuna sadiq olacağını deməklə onun ümidlərini doğurultmuş oldu. Həqiqətən çox təəssüf doğuran, acınacaqlı bir açıqlama oldu. Başa düşürük, Elxan Məmmədovun əlindən su içmisən, kadrı olmusan, pis çıxmasın, portfelini daşıya-daşıya adi köməkçilikdən baş katib postuna qədər yüksəlmisən. Ona görə heç kim sənə demir ki, müəlliminin üstündən birdəfəlik xətt çək. Amma ən azı ictimaiyyət üçün deyilən fikirlərdə müəyyən balansı da qorumalı idin axı. Sən görmürsən və bilmirsən ki, davam etdirəcəyinə söz verdiyin kurs Azərbaycan futbolunu hansı zəlil günə qoyub? Millini FİFA reytinqində 129-cu pilləyə yuvarlayan siyasəti davam etdirəcəksən? Yoxsa ölkə çempionatını 14 komandadan 8 komandalı Bakı çempionatı səviyyəsinə endirən strategiyaya sadiq qalacaqsan? Yəni bizə qısa zamanda 6 komandalı çempionat vədi verirsən? Belə açıqlama ilə dəstək, özünə qarşı inam qazanmaq xəyalındasan?
Deyirsən ki, əsas məqsəd hazırda AFFA-nın futbolun inkişafına dair apardığı bütün layihələrin davamiyyətini təmin etməkdir. Uğursuz, bütün sferalarda iflasa uğrayan layihələri davam etdirəcəksən? Berlin məktəbi, top çiləmə festivalları, qeyri-azərbaycanlıların müxtəlif yollarla milliləşdirilib milli komamdalara sırınması, bir-birindən uğursuz əcnəbi məşqçilərin millilərə, federasiyaya gətirilib onlara ətək-ətək pullar verilməsi və s. Biz tanıdığımız AFFA-nın bu günə qədər ortaya qoyduğu layihələr bunlar olub. Uşaq və gənclər arasında yarışlardan, həvəskarlar arasında Region Liqasının təşkilindən, qadın futbolu ilə bağlı müəyyən liqalar və layihələrdən, çimərlik futbolu və futzal yarışlarının təşkilindən dəm vurursan. Arada vaxtın olanda altı-bazar AFFA-nın keçirdiyi uşaq liqalarına bax və orada hansı biabırçılıqların olduğunu gözünlə gör. Paltar dəyişməyə otaq, yuyunmağa su tapmayan uşaqlardan, formasını, fitini, sarı və qırmızı vərəqə kartlarını öz hesabına alan hakimlərə kimi, nə istəsən görə bilərsən. Qadın futbolundan, ümumiyyətlə, danışmasaq yaxşıdır, sən hansı liqadan danışırsan? Bizdə liqa var? Sən ona liqa deyirsən? Ayıb deyilən bir şey var da. Hazırda Premyer Liqa və I Divizionda çıxış edən heç bir klubun nəzdində qadın komandası yoxdursa, sən hansı liqadan, hansı qadın futbolundan danışırsan? Sən əgər futzaldakı inkişafdan danışırsansa, 100 faiz əminəm ki, 2000-ci illərin əvvəllərində keçirilən "Turan Air"li, "Gömrükçü"lü, "Tribut"lu futzal çempionatından xəbərdarsan. Bakı İdman Sarayının boş tribunaları önündə keçirilən yarı həvəskar tipli çempionatla futzalın inkişafından danışırsan? Mənim 15-20 il qabaq futzal oynadığını gördüklərim hələ də futzal oynayırlar. 42-43-45 yaşlarında.
Millinin son oyunlarına toxunaraq deyirsən ki, bunlar yoldaşlıq görüşləridir və yoldaşlıq görüşlərində baş məşqçi ilk növbədə oyunçuları yoxlayır, əsas məqsəd Millətlər Liqasına hazırlıqdır. Tipik Elxan Məmmədov açıqlaması. De Byazinin milli üzvlərini qorxaq və xaraktersiz adlandırmasına münasibət bildirərkən isə bunu interpretasiyanın üstünə yıxmısan. Bəzi şəxslər ola bilsin interpretasiyanın nə olduğunu bilmir, yəni bu söz hansısa bir sözün mənasının bir növü fərqli mənada yozmaq, təsvir etmək deməkdir. Məsələn, mən deyirəm ki, milli komanda daha cəsarətli, çəkinmədən oynamalıdır, kimsə bunu ictimaiyyətə mənim milli komandanı cəsarətsiz, qorxaq adlandırmağım kimi tərcümə edib çatdırır. Bir növü Sərxan Hacıyev də interpretasiya sözünü deməklə sanki Azərbaycan mediasını günahkar çıxardıb. Yəni de Byazi başqa mənada deyib, amma Azərbaycan mediası onu başqa yozumda tərcümə edib insanlara çatdırıb. Öz mediasını da verib italiyalının ayağına.
Qısacası, Hacıyev yeni işinə başlayar-başlamaq ard-arda ciddi səhvlər buraxmaqla yadda qaldı. Hələlik, ağzından çıxan sözlərlə. Yəqin ki, mayın 1-dən bu səhvləri onun əməllərində də görəcəyik. Axı özü dedi ki, bu günə qədər aparılan strategiyanı davam etdirəcək...
Anar XANLAROV