
Elxan Məmmədovdan qurtuluruq?
- 21 Apr 2022 11:00
- 760
Elxan Məmmədovla bağlı son baş verənlər haqqında qəti fikir söyləmək indiki halda çox çətindir. Baş verənlərin Azərbaycan futbolu üçün pozitiv, yoxsa neqativ olacağını futbolumuzdakı bundan sonrakı proseslərin gedişatı göstərəcək. Pozitiv düşüncə budur ki, deyəsən nəhayət ki, Azərbaycan futbolu bu bəladan qurtulur. Futbolumuzun biabırçı durumu göz önündədir və son zamanlar narazılıqlar pik həddə çatıb, hətta dövlət səviyyəsində belə, bu narazılıqlar bu və ya digər formada ifadə olunub. Xüsusilə Fərid Qayıbovun gənclər və idman naziri postuna gəlişindən sonra futbolla bağlı narazılıqların daha sıx şəkildə dilə gətirilməsi, ölkə başçısı ilə "Qarabağ"ın görüşündə AFFA-dan heç kimin dəvət yer almaması, ardınca Qurban Qurbanovun "Şöhrət" ordeninə layiq görülməsi AFFA rəhbərliyinin, xüsusilə əsas idarəçi Elxan Məmmədovun postunun laxlaması kimi qəbul olunmağa başladı. Məmmədovun ötən ay gözlənilmədən və ciddi səbəb olmadan FİFA prezidenti ilə görüşü də birmənalı qarşılanmadı. Bəziləri bu səfərin Məmmədovu özünü AFFA prezidenti postuna hazırlaması kimi də təqdim etdi. Çünki heç kimə sirr deyil ki, SOCAR-ın prezidenti postundan göndərilən Rövnəq Abdullayev böyük ehtimalla AFFA prezidenti postundan da gedəcək. Lakin bugünkü xəbərlər onu göstərdi ki, AFFA-da vəziyyətin gərgin olduğunu və sonunun yaxınlaşdığını hiss edən Məmmədov çevik tərpənib FİFA prezidenti ilə görüşmüş və onunla illərdi formalaşan səmimi münasibətlərindən istifadə edib özünə orada yeni iş əldə edib. Belə deyək, gedəcəyinin yaxınlaşdığını hiss edərək, hadisələri qabaqlayıb və daha urvatlı formada federasiyadan ayrılıb. Sabah da söz düşəndə deyəcək ki, fəaliyyətimi bəyənən FİFA mənə daha yüksək səviyyədə iş verdi. Bu arada, bu təyinat indi də çoxlarını çaşdırır ki, Azərbaycanda futbolu bu günı qoyan birinə necə olur ki, FİFA o cür vəzifə verir. Birincisi, unutmayaq ki, İnfantinonun özü də fırıldaqçının biridir. İkincisi, Məmmədov FİFA-ya başqa yöndə də lazım ola bilər. Vacib deyil ki, mütləq futbolu idarə etsin, futbolla bağlı layihə versin, hansısa mühüm qərar qəbul etsin. Adamın dil bilmək bacarığı var, ünsiyyət qurmağı, təşkilatı işləri pis bacarmır. FİFA Məmmədovun məhz bu tərəfindən də istifadə edə bilər. Əsas odur ki, dediyim kimi, hadisələri qabaqlayıb postundan və daha sonra ölkədən gedir. Nəzərə alaq ki, son zamanlar SOCAR-la bərabər, AFFA-da, AFFA-nın nəzarətində olan klublarda da ciddi yoxlamalar gedir.
Neqativ nə ola bilər? Adam de yure AFFA-dan ayırılsa da, de fakto Azərbaycan futbolunda söz sahibi ola bilər. Baxmayaraq ki, mayın 1-dən Azərbaycanı tərk edib Fransaya yola düşəcək. Amma qurduğu sistem, futbola gətirdiyi kadrlar onun yolunu davam etdirə bilər. Təlimatları Parisdən almaq şərti ilə. Pis çıxmasın, onsuz da kağız üzərində baxsaq, futbolumuz, milli komanda ilə bağlı bütün vacib qərarları İcraiyyə Komitəsi qəbul edirdi. Amma hər kəs bilir ki, qeyri-rəsmi olaraq, futbolla bağlı bütün mühüm qərarları Məmmədov verirdi. İK sadəcə, bunu təsdiq edirdi. Yenə eyni proseslər davam edə bilər. Ona görə əvvəldə yazdım ki, futbolumuzdakı bundan sonrakı prosesləri izləmək lazımdır. Yaxın 1-2 ayda futbolumuzla bağlı hansı qərarlar qəbul olunacaq, Premyer Liqada komanda sayı, limit məsələsi, milli komanda ətrafında gedən proseslər, AFFA-dan maliyyələşən klublarda, xüsusilə "Neftçi"də, "Sumqayıt"da (hər ikisinin rəhbəri Məmmədovun ən yaxın və etibarlı kadrlarıdı) gedəcək proseslər, AFFA-nın müxtəlif departamentlərində nələrin yaşanacağı, Məmmədovun kadrlarının səlahiyyət imkanları və s. Bütün bunların fonunda dəqiq fikir demək olar ki, Azərbaycan futbolunda Elxan Məmmədov erası bitir, ya yox. Çox ümid edək ki, nəhayət, çoxdan arzuladığımız pozitivliyin şahidi olacağıq.
Anar XANLAROV