Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunmuş 16 yaşadək qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı başa çatıb. “Rekord.az” xəbər verir ki, Azərbaycan millisinin bu yarışdakı çıxışı uğursuz alınıb.

A qrupunda yer alan millimiz Rusiya, Ukrayna, Latviya və Gürcüstan yığmaları ilə qarşılaşıb. Qızlarımız keçirdikləri bütün görüşlərdə məğlub olublar. Dörd görüşdən xal toplaya bilməyən komandamız yarışda sonuncu, 9-cu pilləni tutub.

B qrupunda isə Belarus, Estoniya, Latviya və Polşa komandaları mübarizə aparıblar.

Gələn il keçiriləcək Avropa çempionatına seçmə statusu da daşıyan EEVZA çempionatı Rusiya voleybolçularının qələbəsi ilə yekunlaşıb. Qrup mərhələsində maksimum nəticə göstərən şimal qonşularımız finalda Polşanı quru hesabla məğlub ediblər - 3:0 (25:16, 27:25, 25:06). Bu qələbə onlara AVRO-2020-də iştirak hüququ verib.

Üçüncü yer uğrunda oyunda isə Ukrayna və Belarus kollektivləri üz-üzə gəliblər. Daha güclü olan Belarus millisi 3:2 (24:26, 12:25, 25:18, 25:19, 15:08) hesabı ilə qələbə qazanaraq bürünc medala sahib çıxıb.