
Ədaləti qorumalı olanların ədalətsizliyi
- 22 İyn 2023 16:03
- 1008
Dünən U-21 yığmaları arasında Avropa çempionatı start götürdü. Çox təəssüf ki, bizim nə gənclərimiz bu səviyyəli yarışlarda iştirak edəcək qədər böyüməyib, nüfuzlu turnirlərə biz kənarda baxırıq. Bu dəfə kiçik bir istisna oldu. Qitə çempionatının iştirakçıları arasında imzamıza rast gəlindi. Di gəl ki, bu yarışda Azərbaycanı komandamız yox, hakimlərimiz təmsil edir. UEFA Azərbaycanın ən yaxşı hakimi Əliyar Ağayevə və onun köməkçilərinə böyük etimad göstərib, açılış turunun ən maraqlı qarşılaşmalarından birini bizimkilərə tapşırmışdı. Belçika – Niderland qarşılaşmasında azərbaycanlı hakimlərin idarəçiliyinə böyük fəxarət hissiylə baxdıq.
Könül istərdi ki, Ağayevin fitinin səsi daim bu cür yüksək səviyyəli turnirlərdən gəlsin, bizimlə yanaşı dünyanın futbol azarkeşlərinin gözü azərbaycanlı ədalət təmsilçilərində olsun. Həm də ki, bu cür etimad göstərilən hakimimizin sırası təkcə Əliyar Ağayev və onun köməkçiləri ilə məhdudlaşmasın, digər FİFA referilərimizə də UEFA-dan sanballı təyinatlar gəlsin. Təəssüflər olsun ki, bu arzumuz illərdir reallaşmır. Çünki hakimlərin yetişdirilməsi, Hakimlər Komitəsinin idarəçiliyi ilə bağlı ciddi problemlərin məngənəsində boğuluruq. AFFA bu sahədə kələfin ucunu çoxdan itirib. Avstriyalı Fritz Stuxlikin cənginə verilən hakimliyimiz ciddi böhranla üz-üzə qaldı, illərlə çəkilən zəhmət və xərclər boşa getdi. Mister Fritz Əliyar Ağayevə o qədər qısqanc münasibət göstərirdi ki, onun yerli çempionatdakı idarəçiliyindən UEFA-ya “donos” göndərirdi.
Fritz vətəninə yola salındı, amma hakimlərimizin problemləri bitmədi.
Türkiyəli Barış Şimşek daha çox özünü qorumağa çalışan məmur tipindədi. İş o yerə gəlib çatıb ki, bir müddət əvvəl Hakimlər Komitəsində Fritz Stuxlikin tərcüməçisi-köməkçisi rolunda çıxış edən Cavid Cəlilov indi Hakim və Hakim-İnspektorlar Komitəsində əsas gücə çevrilib, indi onu sözü Barış Şimşəkdən daha keçərlidir. Kimə istəsə təyinat verir, istəmədiklərini də “qara siyahı”ya salır. Ən gülməlisi odur ki, əvvəllər hakimlik etməyən Cavid Cəlilov indi özünü Premyer Liqa hakimlərinin sırasına yazıb, adamın təyinat almadığı tur yoxdur. “Bitib-tükənməz enerjiyə sahib” Cəlilov həm seminar keçir, həm də eyni həftə ərzində bir oyunda baş hakim, digərində VAR hakimi, lap o birində isə 4-cü hakim funksiyasını yerinə yetirməyə özündə güc və zaman tapır. Burda deyirlər ki, adam daşdan da pul çıxarır, bircə gününü də boşa keçirmək istəmir.
Adicə bir nümunəyə diqqət yetirək. Dekabrın 14-də Premyer Liqanın 17-ci turunda “Kəpəz” - “Sabah” qarşılaşmasında 4-cü hakim funksiyasını yerinə yetirən Cavid bəy bir gün sonra “Turan Tovuz” - “Neftçi” qarşılaşmasında VAR hakimi olub. Növbəti gün isə 1-ci divizionun 15-ci turu çərçivəsində keçirilən “Qarabağ-2” - “Qəbələ-2” görüşündə baş hakimi də Cavid Cəlilov idi. Yəni üç gündə üç matçın yükü bir adamın çiyinlərinə qoyulub, Cəlilov Gəncə - Tovuz – Binə marşrutu üzrə yüksək sürətlə hərəkət edib. Nə məcburdur, ölkədə Cavid Cəlilovdan bacarıqlı, istedadlı, ədalətli hakim yoxdur?
Salyanlı hakim Bilal Rüstəmov isə fəryad edir, 10 ildən çox məşğul olduğu sevimli peşəsindən məhz Cavid Cəlilovun qərəzli münasibəti üzündən uzaq düşdüyünü deyir. Bir həftə ərzində özünə üç təyinat verən Cavid bəy əyalətdə yaşayan Rüstəmova ayda 2-3 dəfə təyinat verməyib ki, adam dolana bilsin, fəhləlik etməyə məcbur olmasın. Görünər odur ki, Azərbaycanda ədaləti qorumalı olan adamlar özləri ədalətsizlik edir. AFFA və PFL rəhbərliyinin bu problemlərə diqqət yetirəcəyinə, bu biabırçlığa “DUR” deyəcəyinə ümid edirəm.