2022-ci ilin Azərbaycan futbolunda yaddaqalan hadisələrindən biri də AFFA-nın 30 illik yubileyi oldu. Federasiya özü üçün iki yubiley tədbiri keçirdi. İlk tədbir Mərdəkandakı "Dalğa Arena"da, ikinci isə "Alov qüllələri"ndə baş tutdu. İlk tədbir daha çox qeyri-rəsmi hissə ilə yadda qaldı. Federasiyanın işçilərindən təşkil olunan komanda klublarda çalışan futbol adamlarından təşkil olunan komanda ilə yoldaşlıq görüşü keçirdi. Dekabrın 30-da baş tutan ikinci tədbir isə bir növü qala gecəsinə bənzəyirdi və loru dildə desək, yeyib-içmək idi. Məclisin təntənəsinə, bahalılığına söz ola bilməzdi. Yox, elə bilməyin ki, o tədbirdə olmuşam, olanları gözümlə görmüşəm. Görüntülərdən, fotolardan gəldiyim qənaət budur. Çox təəssüf ki, əksər məsələlərdə olduğu kimi, bu məsələdə də AFFA mediya qarşı fərqli mövqe tutdu. Hansı ki, həmin mövqe illərdi dəyişməz olaraq qalır. Düşünmək olardı ki, Elxan Məmmədovun gedişindən sonra nələrsə dəyişər. Amma təəssüf ki, hər şey olduğu kimi qalmaqdadır. AFFA ya bilərəkdən, ya bilməyərəkdən medianı özündən uzaq saxlayır, jurnalistlərlə sözün əsl mənasında səmimi, işgüzar münasibətdən qaçır, qələm əhlini sanki özünə arzuolunmaz tərəf kimi qəbul edir. 

 

Əslində hansısa tədbiri açıq, yaxud qapalı keçirmək tək AFFA-nın yox, istənilən qurumun şəxsi işi, hüququdur. Amma burda söhbət tamam başqa məqamlardan gedir. Federasiya hansısa qapalı iclas keçirmir. Heç İcraiyyə Komitəsinin hansısa toplantısından da söhbət getmir. Gündəm mövzu federasiyanın 30 illik yubileyidir. Nəzərə alsaq ki, geridə qalan 30 ildə bu yolu addımlayanlar sırasında jurnalistlər də olub, ən azı onların da bu yubileydə mənəvi iştirak haqq var idi. Çünki futbolumuzda yaşanan uğurlu, uğursuz günlərin futbolçular, futbol adamlarımızla birlikdə jurnalistlər də aktiv iştirakçısı olub. Qarlı-şaxtalı, yağışlı-küləkli, qızmar-boranlı günlərdə min bir əziyyətlə stadionlara gələn, klublarımızın, milli komandalarımızın oyunlarını işıqlandıran məhz jurnalistlər olub. Belə bir gündə onların bu tədbirdən uzaq tutulması, kənar saxlalınması mənəvi cəhətdən ədalətsizlik idi. Səbəbini bilmirəm nəyə bağlayım. AFFA qələm əhlini özünə düşmən gözündə görürsə, bu düşmənçiliyin kökündə nə durur? Bu gün Azərbaycan futbolunda, fedeasiyanın fəaliyyətində, milli komandaların çıxışlarında kifayət qədər tənqidi məqamlar varsa və media da bunu edirsə, bu haqlı tənqiddi. Buna görə bütün mediaya düşmən, arzuolunmaz şəxs gözü ilə baxmaq, onları ofsaytda saxlamaq heç bir məntiqə sığmır. Yox, əgər AFFA rəhbərliyi jurnalistləri "Alov qüllələri" kimi bahalı məkanın bahalı tədbirinə layiq saymırsa, bu saymamazlıq da heç bir məntiqlə uzlaşmır. Səbəbini bilmirəm, deməyə çətinlik çəkirəm, amma səbəb nə olursa olsun, nəticə dəyişməz olaraq qalır: AFFA media ilə sıx münasibətdə, səmimi ünsiyyətdə maraqlı deyil. İstəmirlər bu cür münasibət formalaşsın. Görünən budur ki, xələfi də Elxan Məmmədovun qoyduğu yol ilə getməkdədir. Necə ki, Sərxan Hacıyev təyinatının ilk günlərində açıq şəkildə bəyan etmişdi ki, bu günə qədər aparılan siyasəti davam etdirəcəyik. Etdirir də. Günahına girmək istəmirəm, bəlkə də Hacıyevə də AFFA rəhbərliyi tərəfindən belə göstəriş gəlib ki, tədbirə media dəvət olunmasın. Bəlkə elə bayramla əlaqədar Bakıya gələn Elxan Məmmədov özü bu tapşırığı verib. Bəs Mərdəkandakı tədbir? Həmin futbol matçına jurnalistləri də cəlb etmək olmazdı? Yuxarıda da qeyd etdim, axı həmin gün meydançaya çıxan veteranların oyunlarını vaxtı ilə məhz media işıqlandırırdı. Olmazdı ki, bir komanda da medianın adından dəvət olunardı. Lap bir komanda da azarkeşlərdən təşkil olunardı. İki komandalı oyun yox, dörd komandalı mini turnir olardı. Mümkün deyildi? Axı mümkün idi. Demək ki, əsl səbəb, qarın ağrısı başqadır. Səmimi deyim, bəzən ardıcıl, kəskin tənqidlər fonunda düşünürəm ki, bəlkə həqiqətən AFFA-nın üstünə çox gedirik, bəlkə həqiqətən tənqidin dozasını artıq edirik, bəlkə doğurdan da federasiyaya rəhbərlik edənin niyyətində də xoş məramlar var, atadakı soyuqluğu götürüb, buzları əridib normal münasibət qurmaq olar. Lakin son baş verənlər bir daha sübut etdi ki, bu günə qədər etdiklərimiz, düşündüklərimiz, yazdıqlarımız haqlı olub. Hazırkı AFFA rəhbərliyi üçün media ilə münasibət, səmimiyyət, xoş ünsiyyət qətiyyən maraqlı deyil və nə qədər ki, bu rəhbərlik, bu idarəçilik qalacaq, analoji münasibət də saxlanılacaq. 

 

Anar XANLAROV