"Difai"nin baş məşqçisi: "O cür epizodlar cərimə sayılırsa, hər künc zərbəsindən sonra penalti verilməlidir"
- 11:00
- 29
Bizon Azərbaycan kubokunun 1/8 final mərhələsində "Sumqayıt"a 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandıran "Difai"nin baş məşqçisi Aydın Qasımov hakimliklə bağlı fikirlərini bölüşüb.
Rekord.az-a açıqlama verən Qasımov hesab 1:1 olarkən hakimin təyin etdiyi penalti qərarı ilə razılaşmadıqlarını bildirdi: "Həmin epizodda biz elə bildik ki, hakim əks tərəfə cərimə zərbəsi verəcək. Penalti qərarı bizi şok elədi. Çünki o cür epizodlar cərimə sayılırsa, o zaman dünya futbolunda hər künc zərbəsindən sonra penalti verilməlidir. Düşünürəm ki, bu cür oyunlarda da VAR sistemi olsa yaxşı olar ki, haqsız qərarlar olmasın".
Buna baxmayaraq, "Difai"nin baş məşqçisi ümumi hakimlikdən razı qalıb: "Penalti epizodu xaric, hakimlikdən ciddi etirazımız yoxdur. Baxmayaraq ki, 3 dəqiqə ərzində futbolçumuza iki sarı vərəqə göstərib, meydançadan kənarlaşdırdı, amma orda hakimin qərarı haqlı idi. Futbolçumuz gərək əsəblərini cilovlaya idi. Dediyim kimi, əsas narazılığımız penalti epizodu ilə bağlı oldu. Bu cür epizodlar komandanı sındırır".