Azərbaycan millisinin baş məşqçisi de Byazi yenə yoxa çıxıb. Milli komanda martın 28-də Latviya ilə yoldaşlıq görüşünü məğlub başa vurub Bakıya dönsə də, italiyalı öz vətəninə gedib. Aradan 23 gün keçməsinə baxmayaraq, hələ də gəlib çıxmaq bilmir. Bildiyim qədəri ilə İtaliyada qalması üçün ciddi səbəb də yoxdur. Normalda adam hazırda Bakıda, işinin başında olmalı, ölkə çempionatının oyunlarını izləməlidir. Premyer Liqa və kubok matçları həlledici mərhələyə qədəm qoyub, hər həftə bir-birindən vacib və gərgin oyunlar olur. Bu gün də ölkə kubokunun ilk yarımfinal oyunları keçiriləcək. Millinin baş məşqçisi bütün bu oyunları canlı izləmək əvəzinə, gedib oturub İtaliyada. Halbuki onunla yeni müqavilə imzalananda AFFA-nın vacib rəsmi açıqlamalarından biri də o olmuşdu ki, de Byazi Azərbaycanda yaşayacaq, ailəsini də bura gətirəcək, bütün çempionat oyunlarını da şəxsən stadiondan izləyəcək. Lakin 2022-ci ilin geridə qalan ilk 4 ayında biz bunları görmürük. 65 yaşlı məşqçi yenə vaxtının çox hissəsini vətənində keçirir, yalnız millinin toplanış vaxtı yaxınlaşanda Bakıya dönür. Məsələn, indiki halda, aprel ayını demək olar ki, boşa verdi.

 

 

Ümuiyyətlə, bu haqda dəfələrlə danışsaq da, yazsaq da, görünən budur ki, düzələn heç nə yoxdur. De Byazi yəqin ki, özbaşına bu cür rahat hərəkət edə bilməz. Demək ki, AFFA-nın icazəsi, loru dildə desək, "dabro"su var ki, o da ilin istənilən vaxtı Bakıdan İtaliyaya, İtaliyadan Bakıya gedib-gələ bilir. Demək ki, onunla müqavilədə mütləq şəkildə Bakıda yaşayıb çempionat oyunlarını izləməsi haqda da xüsusi bənd yoxdur. Baş məşqçisi bu cür qeyri-ciddi, hətta deyərdik ki, səhlənkar qrafiklə çalışan millidə təbii ki, hansısa uğurdan, baxımlı oyundan danışmağın da mənası yoxdur. Görünür italiyalının da bu cür qrafik üçün öz tutarlı səbəbi var. Özü-özlüyündədir və bunu heç vaxt mətbuata açıqlamayacaq. Məsələn, millinin baş məşqçisi olsa da, tam olaraq iradə sahibi deyil. Yəni elə oyunçular var ki, onun istəyi, razılığı olmadan belə, milli komandaya dəvət almalıdılar. Hətta nəinki milli komandaya dəvət almalıdırlar, əsas heyətdə oynamalıdırlar. Belə ortam olduğu halda, baş məşqçi də düşünə bilər ki, mənim Azərbaycanda qalıb çempionatı izləməyimin nə mənası, onsuz da bəlli heyət, bəlli siyahı var və yekunda həmin siyahıda olanlara da dəvət göndəriləcək. Başqa bir sual ortaya çıxa bilər ki, belə vəziyyətdə özünə hörmət edən hansı məşqçi millidə işləyər? Görünür de Byazi artıq yaşının bu çağında normal olaraq ad-sanı, imici yox, maddi qazancı düşünür. Bilir ki, bu yaşdan sonra ciddi klub, ciddi milli komanda çətin ki, ona dəvət göndərib AFFA-nın verdiyi qədər pul versin. Ona görə də bu ortama razılaşıb xımır-xımır pulunu qazanır. Formal olaraq, oyunlara da köməkçisi Arif Əsədovu göndərir və sabah da söz düşəndə deyəcək ki, mən olmasam da, köməkçim vacib oyunları izləyib mənə məlumat verir. Amma italiyalı özü də gözəl başa düşür ki, bu cür milli komanda idarə etmirlər. Ay yarımdan sonra Millətlər Liqasında bir-birindən çətin oyunlar gəlir. Özü də ard-arda. Həmin oyunlara yaxşı hazırlaşmaq üçün ilk növbədə düzgün futbolçu seçimi olmalıdır. Düzgün futbolçu seçmək üçün isə Azərbaycanda oturub çempionatı izləmək, daha hazırlıqlı futbolçuları öz gözünlə görüb indidən dəftərçənə qeyd etməlisən. Əks halda yenə çıxıb Malta və Latviyaya qarşı oynanılan oyunu oynayıb, elə həmin nəticələri "qazanacağıq"...

 

Anar XANLAROV