
Dağılışın...
- 12:00
- 107
"Axırıncı aşırım" filmində bir epizod var, Qəmlonu öldürəndən sonra Kərbəlanın adamı "padval"ın qapısını açıb ordakıları buraxır ki, çıxın, çıxın dağılın evinizə. İndi bizim klubların da avrokubok məcaraları gözlənildiyi kimi, uzun sürmədi, hamısı dağılışdı evlərinə, sabahdan da Premyer Liqa başlayır, burda bir-birinin ətini yeyəcəklər ki, gələn mövsüm yenə avrokuboklara çıxıb 1-2 mərhələdən sonra geri dönsünlər.
"Qarabağ" yenə meydanda tək qaldı. Yenə təkbaşına Azərbaycan futbolunun yükünü çəkəcək Avropda.
Gözlənildiyi kimi, nisbətən güclü rəqiblə düşən "Zirə" ilk addımdaca silahı qoydu yerə.
"Araz Naxçıvan" ilk mərhələni keçəndə çoxları bu komandanı qaldırdı göyün yeddinci qatına. Hansı ki, "Omoniya" onları həmin qatdan yerə vurmaqla göstərdi ki, məqsədi, strategiyası olmayan, iki ildir doğma şəhərinə ayağı dəyməyən, gününü Bakıda məşq etməyə meydança axtarmaqla keçirən bir komanda maksimum təsadüf nəticəsində bir mərhələ keçə bilər. İkinci mərhələdə 9 dənə vurub yola salacaqlar.
O ki qaldı "Sabah"a, açığı bu komandanın nəhayət normal məşqçi tapdığını, nəhayət ki, heç olmasa Konfrans Liqasında qrupa düşəcəyinə inamım var idi. "Levski" güclü komanda olsa da, keçilməz deyildi. Amma təəssüf ki, Dambrauskasın səfərdə qorxaq, evdə isə yenə ehtiyatlı oyun üslubunu seçməsi nəticəsində "Sabah" nəinki mərhələ keçə bildi heç qol da vura bilmədi. Demirəm istefaya getməlidir, qalıb işləsin, amma nə isə onun da "Qarabağ"la başa baş oynayacaq komanda quracağına inamım yoxdur. Murat Musayev hələ də ondan əvvəl və sonrakılardan ən azı bir baş üstündü...
Anar XANLAROV