AFFA və Ulduz Futbol Akademiyasının birgə təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına start verilib.


Rekord.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən Kür Olimpiya Tədris İdman Mərkəzində keçirilən kursa 22 nəfər cəlb olunub.


AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və aparıcı mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar.


Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə və Fərrux İsmayılov tərəfindən iştirakçılara “Kütləvi futbolda əsas prinsiplər”, “Məşq metodları”, “Məşqçi davranışları” və digər mövzulara dair örnəklər nümayiş etdirilib, onların müxtəlif prizmalardan geniş müzakirəsi aparılıb. İlk gün nəzəri hissədən ibarət olub.


Qeyd edək ki, kurs 3 gün davam edəcək.