İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və təşkilati məsələlərə həsr olunmuş mətbuat konfransı keçirilib.


Rekord.az xəbər verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Milli Olimpiya Komitəsinin nümayəndələri, media mənsubları və qonaqlar iştirak ediblər.


Mətbuat konfransında əvvəlcə 4–11 oktyabr tarixlərində Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosunun təqdimat videosu və mötəbər yarışın tanıtım çarxı nümayiş olunub. 


Ardınca çıxış edən ACF-in icraçı prezidenti Rəşad Rəsullu dünya çempionatına hazırlıq işlərinin plan üzrə davam etdiyini bildirib. O qeyd edib ki, yarışın yüksək səviyyədə təşkili istiqamətində Azərbaycan Cüdo Federasiyası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Cüdo Federasiyası (IJF) ilə sıx və koordinasiyalı əməkdaşlıq şəraitində fəaliyyət göstərir.


Rəşad Rəsullu bildirib ki, dünya çempionatının bilet satışına 2 iyul tarixində start verilib. Azarkeşlər biletləri həm onlayn, həm də şəhərdə fəaliyyət göstərən iTicket satış məntəqələrindən əldə edə bilərlər. O, azarkeş marağının yüksək olduğunu vurğulayaraq, indiyədək 670 biletin satıldığını diqqətə çatdırıb.


İcraçı prezident qeyd edib ki, yarışın rəsmi əsasnaməsi iyulun 3-dən etibarən IJF tərəfindən dərc olunub və media akkreditasiyası da daxil olmaqla bütün təşkilati proseslər təsdiq olunmuş qrafik üzrə davam edir.


Bildirilib ki, dünya çempionatında 100-ə yaxın ölkədən 600-dən çox cüdoçunun iştirakı gözlənilir. Artıq Yaponiya və Fransa kimi aparıcı cüdo ölkələri yarış üçün heyətlərini açıqlayıblar. Bakıda Olimpiya, dünya və qitə çempionları olmaqla dünya cüdosunun ən güclü idmançıları mübarizə aparacaqlar.


Milli komandanın hazırlıq prosesindən danışan Rəşad Rəsullu ilin əvvəlindən etibarən yığmanın Avstriya, Belçika, Fransa, Özbəkistan, Çexiya, Gürcüstan, İspaniya, İtaliya və Monqolustanda keçirilən beynəlxalq təlim-məşq toplanışlarında iştirak etdiyini bildirib. Hazırda komandanın bir neçə üzvü Yaponiyada, əsas heyəti isə Qusarda (Şahdağ) hazırlığını davam etdirir. Onun sözlərinə görə, 5–15 avqust tarixlərində millinin Qazaxıstanda keçiriləcək beynəlxalq təlim-məşq toplanışında iştirakı nəzərdə tutulur. Eyni zamanda, növbəti aylarda bir sıra xarici milli komandaların iştirakı ilə Bakıda da beynəlxalq təlim-məşq toplanışlarının keçirilməsi planlaşdırılır.


Qeyd olunub ki, Azərbaycan millisinin dünya çempionatında iştirak edəcək yekun heyəti 11–13 sentyabr tarixlərində keçiriləcək Macarıstan Böyük Dəbilqə turnirindən sonra açıqlanacaq. Heyətin formalaşdırılmasında əsas meyarlar Böyük Dəbilqə turnirlərində əldə olunan nəticələr və idmançıların məşq prosesində nümayiş etdirdikləri peşəkar yanaşma olacaq. 


Mətbuat konfransında dünya çempionatı üzrə media akkreditasiyası barədə məlumat verilib. Bildirilib ki, müraciətlər IJF-in Media Platforması vasitəsilə qəbul olunur və son müraciət tarixi 27 sentyabr 2026-cı ildir.