Cüdo millimizin heyəti açıqlandı
- 2019-11-13 15:29
- 1247
Noyabrın 22-də Yaponiyanın Osaka şəhərində start götürəcək cüdo üzrə Böyük Dəbilqə turnirində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
Rekord.az xəbər verir ki, yığma 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək yarışda 11 kişi və 5 qadın cüdoçu ilə təmsil olunacaq. Kişilərin mübarizəsində Oruc Vəlizadə, Davud Məmmədsoy (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Telman Vəliyev (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvəsini sınayacaq.
73 kq çəkidə çıxış edən Rüstəm Orucov olimpiya reytinqində 3825 xalla lider olduğu üçün Böyük Dəbilqəyə qatılmağa lüzum görməyib. 28 yaşlı idmançı 12 – 14 dekabrda Çinin Tsindao şəhərində baş tutacaq “Masters” turnirində iştirak edəcək.
Heydərovun Yaponiyada yarışması sual altındadır. O, da Orucov kimi Tsindaoda 73 kq çəkiyə sifariş olunduğu üçün Osakada kənarda qala bilər.
Qadınlara gəlincə, heyətə Əliyeva Leyla, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian, İçinxorlu Munxtsedev (hər ikisi 57 kq) və İrina Kindzerska (+78 kq) daxil edilib.
Noyabrın 24-dək davam edəcək Böyük Dəbilqədə 99 ölkədən 336 kişi və 248 qadın cüdoçu mübarizə aparacaq. Azərbaycan millisi hazırda Yaponiyada təlim-məşq toplanışındadır.
Tokio-2020 Yay Olimpiya Oyunlarında ev sahibi Yaponiyanın hər çəkidə 1 cüdoçu ilə təmsil olunmaq hüququ var. Həmçinin 2020-ci ilin mayın 30-da açıqlanacaq yekun olimpiya reytinqində ilk “18-lik”də yer alan idmançılar “Tokio-2020”yə vəsiqə qazanacaqlar.
Olimpiadaya kontinental kvota da olacaq. Avropadan 13 kişi və 12 qadın, Afrikadan 12 kişi və 12 qadın, Pan Amerikadan 10 kişi və 11 qadın, Asiyadan 10 kişi və 10 qadın, Okeaniyadan 5 kişi və 5 qadın idmançı reytinqlə vəsiqə qazana bilməyibsə, sıralamada bu qitələrin ən yüksək pillədə olan idmançıları yarışa buraxılacaq.
Həmçinin hər çəki üzrə bir Milli Olimpiya Komitəsinin idmançısı dəvətnamə (buna bəzən “wild card” da deyirlər) əsasında yarışa çağırılacaq. Bu daha çox cüdonun inkişaf etmədiyi ölkələrin nümayəndələrinə veriləcək. “Tokio-2020”də cüdoda fərdi yarışlar 25 iyul - 31 iyulda keçiriləcək. Qarışıq komanda yarışları isə avqustun 1-də olacaq.