“Çox qaçdıq, çox çalışdıq və istədiyimiz qələbəni qazandıq” - Azər Bağırov
- 19:00
- 34
“Kəpəz” bu gün Misli Premyer Liqasının 25-ci turunda “Qarabağ”la qarşılaşıb.
Rekord.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyunda 1:0 hesabı ilə qalib gələn gəncəlilərin baş məşqçisi Azər Bağırovun matçdan sonra mətbuat konfransı olub. Bağırov bu gün çox çalışdıqlarını və istədikləri qələbəni qazandıqlarını bildirib:
“Bütün bizi izləyən azarkeşlərimizi, millətimizi, xalqımızı bayram münasibəti ilə təbrik edirəm.
Oyuna gəlincə, çətin olacağını bilirdik. Bu gün çox qaçdıq, çox çalışdıq və istədiyimiz qələbəni qazandıq. Əbəttə ki, “Qarabağ” meydanda dominant idi, topa çox sahib olurdu. Oyunçularıma təşəkkür edirəm. Bir daha qələbə münasibətilə azarkeşlərimizi təbrik edirəm.
Bu gün təkcə Yusif İmanov deyil, bütün oyunçular qələbəni dadmaq üçün meydana çıxmışdı. Futbolda belə bir deyim var, qapıçı komandanın yarısı deməkdir. Amma bununla belə, bütün futbolçular meydanda vuruşdular.
Gəncədəki stadiona mütəmadi baxış keçiririk. Amma mənim səlahiyyətimdə olmayan proseslər var. Biz də istəyirik ki, mayda “Neftçi ilə oyunumuz orada baş tutsun”.
Bu məqamda “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Gəray Qiyasov müdaxilə edir:
“Stadion İdman Nazirliyinin balansındadır. Bizə bununla bağlı rəsmi deyil, qeyri-rəsmi məlumat verilib ki, mayda “Neftçi” ilə qarşılaşma, məhz Gəncədəki stadionda keçirilə bilər”.