CEV prezidenti ilə AVF-də görüş keçirilib
- 21:16
- 38
Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç ölkəmizdə səfərdədir. "Rekord.az" xəbər verir ki, səfər çərçivəsində bu gün CEV rəhbəri R.Sikiriç, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, Belçika Voleybol Federasiyasının prezidenti Guy JUWET, İspaniya Voleybol Federasiyasının prezidenti PASCUAL BERNALDEZ Felipe arasında görüş keçirilib. GİN-in Voleybol Mərkəzində təşkil olunan tədbirdə AVF-nin vitse-prezidenti Bəhruz Quliyev, baş katibi Faiq Orucov, hər üç federasiyasının əməkdaşları, eləcə də gənclərdən ibarət yığma komandalarımız iştirak ediblər.
Görüşdə AVF ilə Belçika və İspaniya voleybol federasiyaları arasında memorandumlar imzalanıb. Sənədləri federasiyaların prezidentləri imzalayıblar. Bu memorandumlarda klassik və çimərlik voleybolu istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər yer alıb.
Razılaşmaya əsasən Azərbaycanla Belçika və İspaniyanın klassik və çimərlik voleybolu üzrə komandalarının birgə təlim-məşq toplanışlarının təşkili, idmançı və məşqçilərin təcrübə mübadiləsi, müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Tədbirdə çıxış edən CEV rəhbəri imzalanan sənədlərin bu ölkələrin voleybolda qarşılıqlı əməkdaşlığı baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, həmçinin Bakının ev sahibi olduğu qadın voleybolçular arasında Avropa çempionatının (C qrupu) yüksək səviyyədə təşkil olunduğunu deyib. R.Sikiriç bu qrupda qarşılaşmaların da maraqlı mübarizədə keçdiyini vurğulayıb, həmçinin ev sahibi Azərbaycanın çıxışını yüksək qiymətləndirib.
Görüş zamanı Azərbaycanda uşaq voleyboluna həsr olunmuş videoçarxda nümayiş etdirilib. Mövzu ilə bağlı danışan Ş.Bağırov ölkəmizdə uşaq və yeniyetmə voleybolçuların yetişdirilməsi, eləcə də bu idman növünün populyarlığının artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Belçika Voleybol Federasiyasının prezidenti Guy JUWET və İspaniya Voleybol Federasiyasının prezidenti PASCUAL BERNALDEZ Felipe çıxış edərək memorandumların əhəmiyyətindən danışıblar. Həmçinin Azərbaycanda keçirilən qitə birinciliyində təşkilatçılıq məsələlərini yüksək qiymətləndiriblər.