Qadın voleybolçular arasında ölkə çempionatının qalibi bəlli olub. "Rekord.az" xəbər verir ki, finalda "Turan" (Tovuz) və "DH Volley" (Bakı) komandaları qarşılaşıblar.
İki debütantın mübarizəsindən qalib ayrılan Tovuz təmsilçisi Azərbaycan çempionu adını qazanıb. "Turan"ın kapitanı təcrübəli oyunçumuz Ayşən Abduləzimova finaldakı qələbədən sonra fikirlərini bizimlər bölüşüb:
"Bu gün final oynadıq və qalib gəldik, Azərbaycan çempionu olduq. Bu münasibətlə komanda rəhbərliyini, məşqçilər heyətini, oyunçuları, azarkeşləri, hər kəsi təbrik edirəm. Səkkiz aylıq gərgin və maraqlı mövsüm keçirdik. "Turan" komandası olaraq biz ilk gündən çempionluğa köklənmişdik. Hər bir oyuna yalnız qələbə üçün çıxdıq. Mövsüm boyu yalnız bir məğlubiyyətimiz var, o da finaldakı rəqibimiz "DH Volley" komandasına uduzmuşduq. Lakin bu gün finalda, ən əsas oyunda məhz "DH Volley"i məğlub etdik və çempion olduq. Çox sevincliyəm. Bilirsiniz ki, mən uzun illər xaricdə çıxış etmişəm, bu mövsüm Vətənə geri döndüm. Əvvəldən də demişdim ki, mən yalnız çempionluq üçün geri dönmüşəm, Allaha şükürlər olsun ki, bunu da bacardıq. Bir daha hamını təbrik edirəm, bizi mövsüm boyu dəstəkləyən, meydanda heç vaxt tək qoymayan azarkeşlərimizə də təşəkkürümü bildirirəm".

Yüksək Liqanın "Ən yaxşı blokçu"su seçilən A.Abduləzimova mükafatı da dəyərləndirib:

"Çox şadam ki, çempionatın ən yaxşı oyunçularından biri oldum. Mənim əsas məqsədim çıxış etdiyim komandadan asılı olmayaraq hər zaman qələbə qazanmaqdır. Əlbəttə ki, individual mükafat qazanmaq da çox qürurvericidir. Çünki il ərzində çox zəhmət çəkirik. Mən də hər zamankı kimi, zədələrim olmasına baxmayaraq, meydanda sonadək əlimdən gələni edirəm ki, komandam qələbə qazansın. Bundan əvvəl çıxış etdiyim Macarıstan çempionatında belə mükafatlar  əldə etmişəm. Lakin doğma Vətəndə, milli çempionatımızda da fərdi müküfat qazandığım üçün çox xoşbəxtəm".