Cəbrayıl və Qazaxda qolf təlimi
- 16:18
- 22
Cəbrayılın Horovlu kəndində və "İdman Paytaxtı" Qazaxda qolf idman növü üzrə təqdimat və tanıtım təlimləri keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə idmanın inkişafı, gənclərin sağlam həyat tərzinə cəlb olunması və işğaldan azad edilmiş ərazilərdə idmanın kütləviliyinin təmin edilməsi ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq, regionlarda qolf idman növünün təbliği istiqamətində tədbirlər davam etdirilir.
Bu çərçivədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Qolf Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 16-da Cəbrayıl rayonunun Horovlu kəndində, iyulun 18-də isə "İdman Paytaxtı Qazax" layihəsi çərçivəsində Qazax rayonunda yerli sakinlər üçün qolf idman növü üzrə təqdimat və tanıtım təlimləri keçirilib.
Tədbirlərin əsas məqsədi qolf idman növünün bölgələrdə tanıdılması, uşaq və gənclərin idmana marağının artırılması, sağlam həyat tərzinin təşviqi və müasir idman növlərinin inkişafına töhfə vermək olub.
Azərbaycan Qolf Federasiyasının baş məşqçisi Tural Vəlizadə və köməkçi məşqçi Sahib Məmmədov tərəfindən keçirilən təlimlər zamanı iştirakçılara qolf idman növünün tarixi, əsas qaydaları və ilkin texniki elementləri barədə ətraflı məlumat verilib. Uşaqlar, gənclər və digər sakinlər praktiki məşğələlərdə iştirak edərək qolf avadanlıqlarından istifadə qaydalarını öyrənib, ilk zərbələrini yerinə yetirmək imkanı əldə ediblər.
Həm Horovlu kəndində, həm də Qazax rayonunda keçirilən təlimlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və yüksək əhval-ruhiyyə şəraitində baş tutub.
Tədbirlərin sonunda qolf idman növünə marağın artırılması və kütləviliyin təşviq edilməsi məqsədilə Azərbaycan Qolf Federasiyasının baş katibi Arif Novruzov tərəfindən iştirakçılara qolfa aid simvolik xatirə hədiyyələri təqdim edilib.
Azərbaycan Qolf Federasiyası və aidiyyəti qurumlar gələcəkdə də ölkənin müxtəlif regionlarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə qolf idman növünün tanıdılması və inkişafı istiqamətində bu cür maarifləndirici və praktiki tədbirlərin davam etdirilməsini nəzərdə tutur.