
Cahangir Seyed Abbasi: "İkinci və üçüncü hissələr daha gərgin keçdi"
- 13:45
- 35
Voleybolçu oğlanlardan ibarət U-17 millimiz III MDB Oyunlarında ilk görüşünə çıxıb. "Rekord.az" xəbər verir ki, komandamız Qırğızıstan yığmasını 3:0 hesabı ilə məğlub edib.
Qarşılaşmadan sonra millimizin baş məşqçisi Cahangir Seyed Abbasi qələbəni dəyərləndirib:
"İlk setdə normal oynadıq. Lakin digər setlərdə oyunçularda stress hiss olundu. İkinci və üçüncü hissələr daha gərgin keçdi. Xüsusilə üçüncü set çətin oldu. Daha yaxşı oynaya bilərdik, amma dediyim kimi, həm stress, həm də uşaqların təcrübəsizliyi istədiyimiz oyunu nümayiş etməyə imkan vermədi. Bizim bu yaş komandamız yeni formalaşır, rəqiblərimizin isə böyük təcrübəsi var. Bununla belə, voleybolçularımız oyunu idarə edə bildilər. Düzdür, 3-cü set 30 xala kimi uzansa da oyunçularımız əsas həlledici anlarda səhvsiz oynadılar və qalib gəldilər.
Bir mühüm məsələni də qeyd etmək istəyirəm ki, bizim komandamız yarışda iştirak edən ən gənc komandadır. Digər komandalarda əsasən 2008-ci il təvəllüdlü voleybolçular çıxış edir, bizdə isə demək olar ki, heyətimiz 2009-cu il təvəllüdlü uşaqlardan təşkil olunub.
Reqlamentə gəldikdə, oyunlarımız dairəvi sistəmlədir, qrup şəklində olsaydı şansımız daha yüksək olardı. Lakin dairəvi sistəm bizə güclü komandalarla oynamaq imkanı verəcək ki, bu da oyunçularımızın təcrübə qazanmasına kömək edəcək. Biz də qarşıdakı oyunlarda səhv etməməyə, daha yaxşı çıxış etməyə çalışacağıq".