Azərbaycan cüdoçularının bütün hazırlıqları Bakıdakı dünya çempionatına yönəlib.


Rekord.az xəbər verir ki, bu barədə olimpiya çempionu Hidayət Heydərov (73 kq) açıqlama verib.


O, doğma azarkeşlər önündəki yarışda layiqli nəticə qazanacaqlarına inandığını söyləyib:


"Tiflisdəki Avropa çempionatını geridə qoymuşuq. Bütün hazırlıqlar Bakıdakı dünya çempionatına yönəlib. Heyətimizə güvənirik. İnanırıq ki, bütün təmsilçilərimiz Azərbaycanı həmin mundialda layiqincə təmsil edəcəklər".


Heydərov mətbuata çox açıqlama vermək istəmədiyini də söyləyib:


"Yanlış anlaşılmasını istəmirəm, lakin müsahibə verməyi çox xoşlamıram. Bu mənim şəxsi fikrimdir. Bu səbəbdən çox danışmıram".


Xatırladaq ki, Hidayət Heydərov ötən ay Gürcüstanın paytaxtı Tiflisdə keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb.