“Bu oyunla məğlubiyyətə layiq deyildik” - Füzuli Məmmədov
- 19:00
- 38
"Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 25-ci turunda doğma meydanda "Zirə"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları matçı belə şərh edib:
“Komandamız çox yaxşı oynayırdı. Futbolçular matça ciddi hazırlaşmışdılar. Meydanda döyüşkən komanda var idi. Rəqibdən nə istək baxımından, nə keyfiyyət baxımından, nə də taktiki cəhətdən geri deyildik. Əksinə bəzi epizodlarda üstün idik. Düzdür, qapımızda qol epizodları var idi. "Zirə" yaxşı komandadır. Qələbə qazanmaq istəyirdik. Bu gün meydanda yumruq kimi komanda gördüm. Məğlub olmağımız oyuna uyğun deyildi. Sonlarda səhvdən qol buraxmaq məni məyus edir. İstəmirdim ki, belə əzmkarlıqdan sonra məğlub olaq. Futbolçularım ən azı 1 xala layiq idilər. Amma nə etmək olar? "Zirə"ni təbrik edirəm. Öz futbolçularıma isə təşəkkür edirəm. Futbolda səhvlər olur. Bir səhv etdik və ondan da qol buraxdıq. Bizim üçün keçmiş olsun.
Burada elə-belə infrastruktur qurulmayıb. Xeyli maliyyə xərclənib. Bazanın içində futbolçular üçün hər cür şərait yaradılıb. "Karvan-Yevlax" 1-ci Liqaya düşsə belə, işlər davam edəcək, komandanın Premyer Liqaya qayıtması üçün əzmkarlıq göstəriləcək. Rəhbərliklə heç bir görüşüm olmayıb. Bütün diqqətimiz oyunlaradır. Hər matça qalib gəlib vəziyyətimizi yaxşılaşdırmaq üçün çıxırıq. Stadionun ərazisində təbii örtüklü meydança hazırlanır. Bu işlər görülürsə, deməli rəhbərliyin bir planı var. Hazırda bütün diqqət Premyer Liqadadır. Çalışırıq ki, burada qalaq. 11-ci yeri tutub pley-off oynasaq, bizim üçün yaxşı olar. Təbii ki, həmin oyunu əldən vermərik.
Rəşad Əhmədov oyunu pis idarə etmədi. Həmin epizoda baxdım. Ola bilər ki, hər hansı toxunuş olsun. Amma bu, foul toxunuşu deyil. Futbol kontakt oyunudur. Futbolçunun niyyəti topu almaqdır. Topu alan zaman ayaq ayağa, çiyin çiyinə toxunur. Bunlar qatda pozuntusu deyil. Düşünürəm ki, Qavi həmin epizodda təmiz oynadı. Komanda sevindi. Qolu ləğv edəndən sonra ruh düşkünlüyü olur. Bir məşqçi olaraq futbolçuların motivasiyasını qaldırmağa çalışdım. Buraxdığımız qol bizə daha pis təsir etdi. Qolumuz sayılmalı idi. Sayılsaydı, bizim üçün daha yaxşı olardı”.