"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 25-ci turunda səfərdə "Karvan-Yevlax"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:


“Bizim üçün olduqca ağır oyun keçdi. Futbolçularımın göstərdiyi əzmkarlıqdan, intizamdan razı qaldım. Bu gün qələbə qazanmasaydıq da eyni sözləri deyəcəkdim. Yevlaxda "Karvan-Yevlax"a qarşı oynamaq çətindir. Bu gün bunu yaşadıq. Son turlarda "Karvan-Yevlax"ın oyununda irəliləyiş var. Çoxsaylı qol epizodlarımız oldu. Bu qədər fürsəti qaçıranda qələbə qazanmaq çətin olur. Bir anlıq elə düşündüm ki, oyun bərabərliklə başa çatacaq. Futbolçular sona qədər inandılar, əzmkarlıq göstərdilər. Çox vacib 3 xal qazandıq.


İki dəfə "İmişli" ilə, bir dəfə "Kəpəz"lə, bir dəfə də "Şamaxı" ilə matçda xal itirmişik. "Şamaxı"nı zəif komanda kimi görmürəm. Bu komandalar digər iddialı rəqiblərlə oyunlarda da məğlub olmayıblar. Belə olan halda bizə də bu komandalar üzərində qələbə qazanmaq çətin olur. Əvvəlki mövsümlərdə aşağı pillələrdə gedən rəqiblərlə oyunlarda inamlı görünürdük, qələbələrimiz daha çox olurdu. Builki aşağıda gedən komandalarla əvvəlkilər arasında fərq var”.